Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icraçı çərçivəsində Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə daha 17,4 milyon manat vəsait ayırıb.
İnsider.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.
“Vəsait iyunun 24-də ayrılıb”, - deyə o, qeyd edib.
Bununla da, dollar kreditləri üzrə kompensasiya ödənişinə ayrılmış vəsaitin məbləği 617,5 milyon manata çatıb.
Xatırladaq ki, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb.
© Report