dollarin-dusme-ehtimali-manatin-muemmali-taleyi

Dolların düşmə ehtimalı - Manatın müəmmalı taleyi

ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” ABŞ dollarının ucuzlaşa biləcəyi ilə bağlı proqnoz yayıb. Proqnoza əsasən, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauellin açıqlamaları Mərkəzi Bankın faiz artımlarına ara verəcəyi ehtimalını gücləndirir.  Faiz artımlarına fasilə verilməsi isə, dolların dəyərdən düşməsinə gətirib çıxara bilər.

Bəs “Goldman Sachs”-in bu proqnozu özünü doğrultduğu halda, bu Azərbaycan manatına necə təsir göstərəcək?

“Dünya bazarlarında dolların vəziyyəti ilə olan nisbətdə Azərbaycan manatının bir asılılığı yoxdur. Çünki Azərbaycanda məzənnə başqa parametrlərə görə müəyyənləşdirilir. Bizdə valyuta birjası onlayn qaydada fəaliyyət göstərmədiyi üçün başqa ölkələrdə olduğu kimi valyuta məzənnəsi günlük və saatlıq, hətta dəqiqəbədəqiqə dəyişmir". 

Bu sözləri İnsider.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Dünyaya gəldikdə “Goldman Sachs”və digər beynəlxaq banklar, beynəlxalq yatırım şirkətləri dolların ucuzlaşmasını gözləyirlər. Belə ki, bir neçə gün öncə Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin verdiyi açıqlaya əsasən, 2019-cu ildə FED-in faiz artımlarını dayandıracağını, plan üzrə 3% artmalı olduğu halda maksimum 1% artıma gedəcək. 

Əslində Trampın da siyasəti buna yönəlib. Çünki ucuz dollar Amerika iqtisadiyyatına müsbət təsir göstərir. İxracat potensialının artırılmasına, rəqabətə davam gətirməsinə səbəb olur. Bu nöqtəyi- nəzərdən bu il dolların digər valyutalara nisbətən ucuzlaşmasını gözləyənlər çoxdur. Belə bir ehtimalın yüksək olmasına baxmayaraq, hər hansı bir kəskin addımın olacağını düşünmürəm. Məsələn, bu gün 96 punkdursa, dünya valyutalarına nisbətdə 92- 91 punka qədər düşə bilər, yəni dünyada dolların əhəmiyyətli şəkildə ucuzlaşacağı gözlənilmir”, - N.Cəfərli qeyd edib.

Qonşu ölkələrin valyutaları ucuzlaşır – Ticarət dövriyyəsinin durumu

“Qonşu ölkələrin valyutalarının aşağı düşməsinin Azərbaycan manatına yüksək təsiri olur. Mərkəzi Bank tərəfindən məzənnə inzibati qaydada dollara qarşı sabit saxlanılsa da, digər valyutalara qarşı tez-tez dəyişir. Bu da məcburiyyətdən irəli gəlir. Belə ki, məzənnə həmin valyutalara da qarşı sabit qaldığı təqdirdə, bu, qonşu ölkələrin Azərbaycandan valyuta daşımasına səbəb ola bilər. Bu hal həm də ticarət dövriyyəsinə təsir göstərir. Qonşu ölkələrin valyutalarının ucuzlaşması həmin ölkələrdən gətirilən məhsulun həcmini artırır, yerli istehsalın rentabelliyini azaldır", - deyə ekspert bildirib. 

Nübar Lətifli