donald-tramp-avtomobil-idxalina-rusum-tetbiqini-yarim-il-texire-salib

Donald Tramp avtomobil idxalına rüsum tətbiqini yarım il təxirə salıb

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında və Yaponiyada istehsal olunan avtomobillərin və onların ehtiyat hissələrinin idxalına 25 faizlik rüsumun tətbiqini 180 gün təxirə salıb.

İnsider.az xəbər verir ki, bu qərar avtomobil sənayesinin “ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacib olduğu” barədə Ticarət Nazirliyinin məruzəsinin tədqiqindən sonra qəbul olunub.

ABŞ prezidenti “avtomobil və bəzi ehtiyat hissələrinin idxalı ilə bağlı milli təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün” ticarət nümayəndəsi Robert Laythayzerə Avropa İttifaqı və Yaponiya ilə danışıqlar təşkil etməyi tapşırıb.

Prezident Donald Tramp ötən ilin iyun ayında ABŞ-ın Avropa İttifaqından gətirilən avtomobillərə 20 faiz idxal rüsumu tətbiq edəcəyini bildirmişdi. O, həmçinin ölkənin ticarət nazirinə avtomobil idxalının ABŞ-ın milli təhlükəsizliyinə təhdidi və idxalın vergiyə məruz qalınması perspektivləri barədə təhqiqata başlamağı tapşırmışdı.

©AZƏRTAC