dovlet-budcesine-hansi-deyisikliklerin-edilmesi-gozlenilir-rey

Dövlət büdcəsinə hansı dəyişikliklərin edilməsi gözlənilir? - RƏY

“Hələlik parlamentə büdcəyə baxılması ilə bağlı hər hansı bir layihə daxil olmayıb. Amma nəzərə alaq ki, Azərbaycan Prezidenti təcili olmayan xərclərin təxirə salına bilməsi ilə bağlı göstəriş verdi və tapşıdı ki, 2020-ci ilin dövlət büdcəsi üçün nəzərdə tutulan bütün sosial proqramlar və sosial ödənişlər həyata keçirilməlidir. Bu ondan xəbər verir ki, neftin dünya üzrə bazar qiymətinin aşağı olmasına baxmayaraq, 2020-ci ildə nəzərdə tutulan bütün sosial proqramlar, büdcədə təsdiq olunmuş sosial ödənişlər həyata keçiriləcək”.

İnsider.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, sosial istiqamətdə nəzərdə tutulan vəsaitlərlə bağlı hər hansı bir sekvestr tətbiq olunmayacaq və bu istiqamətdə bütün xərclər reallaşacaq:

“Bu ilin dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Neftin bazar qiyməti büdcədəki qiymətindən təxminən iki dəfəyə yaxın azdır. Bu da neft daxilolmalarına təsir göstərir. Amma 2020-ci ilin dövlət büdcəsinin gəlirlər hissəsinin strukturuna əsasən, cari ildə büdcənin gəlirləri 24 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcə gəlirlərinin 46%-i qeyri-neft sektorunun payına düşür, 54%-i neft sektorunun, amma neft sektorundan ödənilən vəsaitərin 84%-i Dövlət Neft Fondunun büdcəyə transfertləridir. 

Dövlət Neft Fondu 2020-ci ildə təsdiq olunmuş büdcə proqnozlarına əsasən, 6,5 milyard ABŞ dollarlıq vəsait transfert etməlidir. Nəzərə alsaq ki, Fondun aktivləri 43 milyard ABŞ dollardan çoxdur, 2020-ci ildə neftin real bazar qiyməti aşağı olsa belə, Dövlət Neft Fondu tərəfindən transfertlərdə hər hansı bir çətinlik olmayacaq. Çünki Dövlət Neft Fondunun vəsaitləri var və bu da imkan verəcək ki, dövlət qarşısında öhdəliyi yerinə yetirə bilsin. Dövlət Neft Fondunun büdcə gəlirlərində payı 48%, qeyri-neft sektorunun isə 46%-dir. 

Bütövlükdə 2020-ci ilin dövlət büdcəsinin 94%-i Dövlət Neft Fondu ilə qeyri-neft sektorunun daxilolmalarının payına düşür. Yerdə qalan hissə isə birbaşa neft sektorundan olan gəlirlərdir".

Onun fikrincə, qeyri-neft sektorundan daxilolmalarda da azalmaların olacağı gözlənilir: "Çünki karantin rejiminə uyğun olaraq, 20 fəaliyyət sahəsi üzrə məhdudlaşmalar həyata keçirilib. Onların yarıdan çoxunda fəaliyyət, ümumiyyətlə, dayanıb. Bu isə həmin sektordan büdcəyə daxilolmalara təsir göstərəcək. Eyni zamanda birbaşa neft ödənişləri Dövlət Neft Şirkətinin daxili bazarda satdığı neft məshulları hesabına da formalaşır. İstehlak azaldığı üçün güman olunur ki, bu mənbədən də daxilolmalarda azalmalar olacaq". 

 

 

Millət vəkili qeyd edib ki, qeyri-neft sektorunda azalmaların olub-olmayacağı karantin rejiminin müddətindən asılı olacaq: 

"Əgər daha qısa zamanda karantin rejimi ləğv olunarsa, koronavirusun təsirləri minimumlaşarsa, o halda yenidən aktivliyin bərpa edilməsi və qeyri-neft sektorunun öz öhdəliklərini yerinə yetirməsi mümkündür. Amma sözsüz ki, bütün hallarda ölkə Prezidentinin də tapşırdığı kimi, təcili olmayan xərclərin təxirə salınması istisna edilmir. Amma nəzərə alaq ki, Maliyyə Nazirliyi tərəfindən büdcəyə dəyişiklik etmədən də sekvestr tətbiq edilməsi, yəni təcili olmayan xərclərin təxirə salınması mümkün olur. Eyni zamanda "Büdcə sistemi haqqında" qanuna əsasən, büdcəyə dəyişiklik edilərək də büdcədə həm gəlirlər, həm də xərclər hissəsində yeniləşmə aparılır. Nəticə etibarilə parlamentə hökumətdən bununla bağlı layihə daxil olmalıdır. Hazırda belə bir layihə yoxdur. Amma bütün hallarda 2020-ci ilin dövlət büdcəsində təcili olmayan xərclərin təxirə salınacağı məsələsi var. Lakin yenə də qeyd edim ki, sosial istiqamətə ayrılan vəsaitlərdə hər hansı bir ləngimələr və təxirəsalmalar olmayacaq. 2020-ci il dövlət büdcəsinin 38,5%-i sosial ödənişlər üçün nəzərdə tutulub və həmin ödənişlərin həyata keçirilməsi üçün büdcədə maliyyə mənbəyinin formalaşması tətbiq ediləcək".

Neftin büdcə qiymətinin azalıb-azalmayacağı ilə bağlı sualımıza cavab olaraq V.Bayramov qeyd edib ki, bu barədə proqnoz vermək üçün hələ çox tezdir:

"Neftin büdcə qiymətinin azalıb-azalmaması hökumətin təqdim edəcəyi layihədən asılıdır. Eyni zamanda aprel ayında neftin dünya bazarında qiymətinin yekun nəticələrinin də Azərbaycanda neftin büdcə qiymətinə təsiri olacaq. Hələlik dəyişikliyin olub-olmayacağı barədə nəsə demək tezdir. Adətən büdcəyə dəyişiklik may ayının sonunda olur. Odur ki, aprel ayının sonu və may ayının ilk həftəsi büdcədə neft qiymətinin hansı dərəcədə proqnoza uyğun olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək. Düşünürəm ki, növbəti bir ayda neft bazarında baş verən dəyişikliklər neftin büdcə qiyməti barədə suallara cavab verməyə imkan yaradacaq”.

Report