Nazirlər Kabineti “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nı təsdiq edib.
Bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, dövlət icbari şəxsi sığorta haqlarının məbləği aşağıdakı kimi müəyyən edilib:
- Milli Məclisin deputatları - 5 illik vəzifə maaşı məbləğinin 1 %-i qədər;
- hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən işçilər və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri - 5 illik əməkhaqqı məbləğinin 1 %-i qədər;
- Silahlı Qüvvələrdə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti – 110 manat;
- diplomatik nümayəndəliklərin və konsulluqların başçısı – 33 manat;
- diplomatik nümayəndəliklərdə və konsulluqlarda digər diplomatik vəzifə tutan şəxslər – 19,8 manat;
- diplomatik nümayəndəliklərdə və konsulluqlarda inzibati-texniki xidməti həyata keçirən şəxslər – 13,2 manat.