dovlet-mesgulluq-xidmeti-54-min-neferi-isle-temin-edib

Dövlət Məşğulluq Xidməti  54 min nəfəri işlə təmin edib

2019-cu ilin birinci yarısında Azərbaycanda 54 minə yaxın vətəndaş işlə təmin olunub.

İnsider.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 2019-cu ilin birinci yarımilində nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 54 minə yaxın şəxsi işlə təmin etdiyini, 838 nəfərin  peşə hazırlığına (Xidmətin xətti ilə 682 nəfər, nazirlik  yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 156 nəfər) cəlb olunduğunu deyib.

Bu il minimum əmək haqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əmək haqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əmək haqqı 20-50 faiz artırılıb. 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb. Minimum pensiyanın 72 faiz  artırılması 650 min insanı əhatə edib, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, bu ilki sosial islahatlar nəticə etibarilə  birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir.

S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, cari ilin 6 ayında 102 min yeni əmək müqaviləsinin (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alındığını, minimum əmək haqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib. Cari il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb.