dovlet-neft-fondunun-musahide-surasina-sedr-secilib

Dövlət Neft Fondunun Müşahidə Şurasına sədr seçilib

2019-cu il iyul ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan İnsider.az-a daxil olmuş məlumatda bildirilir ki, ARDNF-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-nin 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb.

Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 milyard 614,1 milyon manat və yaxud 115,0 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə edilib.