dovlet-orqanlarinda-vezifelerin-tutulmasi-meqsedile-daxili-musahibe-elani-verilib

Dövlət orqanlarında vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı verilib

10 yanvar 2024-cü il tarixindən 24 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan 105 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, daxili müsahibə elan edilən vəzifələrin biri inzibati vəzifələrin ikinci təsnifatına, ikisi üçüncü təsnifatına, 18-i dördüncü təsnifatına, 32-si beşinci təsnifatına, 31-i altıncı təsnifatına və 21-i yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (18 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin ikinci təsnifatına uyğun olan Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət investisiyalarının və dövlət borcunun auditi şöbəsinin müdiri vəzifəsidir.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 25-i Naxçıvan Muxtar Respublikasının beş dövlət orqanı tərəfindən, biri isə Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 10 yanvar 2024-cü il tarixindən 24 yanvar 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.