Azərbaycanda çörək və unun qiymətinin artması ilə bağlı Dövlət Xidmətinə 36 müraciət daxil olub, müraciətlərə qanunamüvafiq qaydada baxılması təmin edilir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidmətindən bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlər, ölkələrin tələbdən artıq ehtiyat yaratmaları, müxtəlif ekoloji faktorlar, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi qoruyucu tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə edilib ki, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana idxal edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi idxal olunun ərzaqlıq buğdanın qiymətində kəskin bahalaşmaya gətirib çıxarıb.
Qeyd edilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır:
“2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana mənfi təsirlərinin azaldılması məqsədi ilə fevral ayından dekabrın sonunadək hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2024-cü il tarixinədək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib. Ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 1 may 2022-ci il tarixinədək ərzaqlıq buğdanın və unun ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib.
Qeyd etdiyimiz kimi, ölkədə satılan unun və çörəyin qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğun olaraq, bazar prinsipləri əsasında yenidən formalaşır. Mövcud qiymət dalğalanması şəraitində ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində, unun və digər çörək növlərinin isə qiymətində əsassız dəyişikliyin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunması məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək”.
Oxu.Az