Dubayda yerli qanunları pozmadan mağazalardan alkoqol əldə etmək və spirtli içkilərin saxlanması məqsədilə turistlərə 30 gün müddətinə pulsuz lisenziyaların verilməsinə başlanılacaq.
İnsider.az xəbər verir ki, alkoqol üçün turist lisenziyası Əmirliklərin yaşı 21-dən yuxarı müsəlman olmayan qonaqları üçün əlçatan olacaq.
Alkoqol üçün lisenziyanı almaqdan ötrü müraciətin verilməsi qaydası “Emirates Group”un törəmə şirkəti olan “Maritimeand Mercantile International”ın (MMI) saytında izah edilir. Bundan ötrü turistlər özləri ilə pasportlarını götürərək MMI şəbəkəsinin mağazalarından birinə getməli, alıcının həqiqətən də turist olmasını təsdiqləyən zəruri formanı dolduraraq imzalamalıdırlar. Mağazada yalnız pasportun və ölkəyə daxil olarkən qeydiyyat barədə möhürün surəti tələb olunur.
Bundan başqa, hər bir alıcıya “Turistin davranış kodeksi” adlanan xüsusi kitabça veriləcək ki, burada da spirtli içkilərin qəbulu ilə bağlı əsas məlumatlar toplanıb.
Qeyd edək ki, yeni qaydalar tətbiq olunanadək alkoqolun alışına lisenziyaları rezident vizası əsasında, yaxud da daşıma hüququ olmadan restoran və barlarda əldə etmək mümkün idi.
©AZƏRTAC