Dünya Bankı bu ilin payızında Azərbaycanda özünəməşğulluq proqramının genişləndirilməsi layihə hazırlayaraq bu sahəyə dəstəyin formasını müəyyənləşdirəcək.
İnsider.az xəbər verir ki, bu barədə qurumun Bakıdakı nümayəndəliyindən bildirilib.
“Azərbaycan hökuməti ölkədəki məşğulluğa dəstək layihəsində iştirak etmək üçün Dünya Bankına sorğu göndərib. İndiyə qədər bu layihə ilə bağlı ölkədə dəyərləndirmə missiyası olduğu üçün özünəməşğulluq proqramının həyata keçirilməsinə Dünya Bankının hansı formada dəstək verə biləcəyəni söyləmək çətindir. Amma bir sıra variantlar var. Dünya Bankı bu layihəni kredit vasitəsilə, texniki dəstək şəklində, yaxud məsləhət yolu ilə dəstəkləyə bilər” - deyə nümayəndəlikdən qeyd edilib.
Azərbaycan uzun müddətdir ki, Beynəlxalq İnkişaf Asosiasiyasının xəttilə Dünya Bankından güzəştli kredit almır, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında kredit cəlb edir.
Ölkə prezidentinin “Əhalinin özünəməşğulluğunu təmin etməyə dair əlavə tədbirlər haqqında” 2016-cı ildə imzaladığı sərəncama əsasən həyata keçirilən özməşğulluq proqramı əmək məhsuldarlığının, əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına rəvac verir. Bundan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev proqramın 2020-ci ildə 60 mindən artıq vətəndaşı əhatə edə, 15 minədək kiçik təsərrüfatın yaranmasına gətirib çıxara biləcəyini, gələn il İşsizlikdən Sığorta Fondunun hesabına bu proqrama 7 minə qədər, Dünya Bankının vəsaitləri hesabına daha 7-8 min ailənin cəlb olunmasının hədəfləndiyini bildirmişdi. 2018-ci ildə 6 min ailəni əhatə edən proqramın 2019-cu ildə 8-10 min ailəni əhatə edəcəyi gözlənilir.