Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti artıb.
Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 0,18% bahalaşaraq, 1 bareli 112,13 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 0,62% artıb və 1 bareli 110,33 ABŞ dolları təşkil edib.
API-nin məlumatına əsasən, mayın 13-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 2,445 milyon barel azalıb. Analitiklər ehtiyatların 1,533 milyon barel artacağını güman edirdilər.
ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.
Qiymət artımına səbəb kimi Çinin iyun ayının 1-dən etibarən koronavirus məhdudiyyətlərini aradan qaldırmaq niyyətini açıqlaması ilə tələbin artma ehtimalı göstərilir.