dunya-uzre-serab-istehlaki-2002-ci-ilden-beri-en-asagi-seviyyeye-dusub

Dünya üzrə şərab istehlakı 2002-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Dünya üzrə 2020-ci ildə şərab istehlakı 2019-cu illə müqayisədə 3 faiz azalıb və 2002-ci ildən bəri ən aşağı səviyyəsinə çatıb.

Bu barədə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) hesabatında deyilir.

“2020-ci ildə qlobal şərab istehlakı 234 milyon hektolitr olub ki, bu da 2019-cu il ilə müqayisədə 3 faiz azdır. Bu göstərici 2002-ci ildən bəri qeydə alınan ən aşağı istehlak səviyyəsidir”, - OIV hesabatında deyilir.

Təşkilatın verdiyi məlumata görə, şərab istehlakının dünya üzrə azalması koronavirus pandemiyası dövründə bar və restoranların işinin məhdudlaşdırılması və turist səfərlərinin sayının azalması ilə əlaqədardır.

Şərab istehlakında ən əhəmiyyətli azalma Çində (17,4 faiz) və Cənubi Afrikada (19,4 faiz) müşahidə olunub. Rusiyada isə cüzi artım (3 faiz) olub. Şərab istehlakı ən çox Braziliyada artıb (18,4 faiz).

Azərbaycanda isə 2020-ci ildə konyak istehsalı 7,6 faiz və pivə istehsalı isə 7,7 faiz artıb. Bu arada vodka və şərab istehsalı müvafiq olaraq 8,8 faiz və 52,7 faiz azalıb.