dunyada-erzaq-bahalasmasi-daxili-inflyasiyaya-artirici-tesir-edir-resmi

Dünyada ərzaq bahalaşması daxili inflyasiyaya artırıcı təsir edir - RƏSMİ

Dünya bazarında neftin qiymətində artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir.

Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, OPEC+ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələyib.

Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari il üçün neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırıb.

Əlavə edilib ki, dünyada ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6,9 faiz, son 12 ayda 16,7 faiz yüksəlib. Ən yüksək illik bahalaşma yağ (51 faiz) və un məhsulları üzrə (26,5 faiz) qeydə alınıb.

Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Qlobal iqtisadiyyatda, o cümlədən, tərəfdaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir.

Digər tərəfdən yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.

Ötən toplantıdan bəri ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında vəziyyət stabil olmuşdur. Bu ölkələrin əksəriyyətində pul siyasətinin yumşaldılması dayandırılıb.