Yekunlaşmaqda olan 2020-ci il dünya tarixində çoxsaylı yaddaqalan hadisələrə səhnə olub. Genişmiqyaslı yanğınlar, insan itkiləri ilə müşahidə olunan təbii fəlakətlər və bəlkə də ən önəmlisi, bu günlərdə həyatımızın bir parçasına çevrilmiş pandemiya...
2020-ci ilin ən yaddaqalan hadisələri:
ABŞ və İran arasında gərginlik: General Qasım Süleymaninin öldürülməsi
Onsuz da gərgin olan ABŞ-İran münasibətləri 2020-ci ilin əvvəlində daha kəskin xarakter alıb. Yanvarın 3-də ABŞ Bağdada aviazərbələr endirib və nəticədə İranın əsas hərbi strateqi general Qasım Süleymani həlak olub. ABŞ prezidenti “Twitter” hesabında bombardman əmrini şəxsən özünün verdiyini qeyd edib və “Qüds” briqadasının komandanı Qasım Süleymanini milyonlarla insanın ölümündə günahlandırıb. “Sarsıdıcı cavab” vədini verən İran bir neçə gün sonra İraqdakı ABŞ bazalarına zərbələr endirib. Donald Tramp hadisələrə “hər şey yaxşıdır” deməklə reaksiya verib. Bir neçə gün sonra isə onun administrasiyası İran əleyhinə sanksiyaları sərtləşdirib.
Tehran yaxınlığında “Boeing 737” faciəsi: İranın səhvini etiraf etməsi
Yanvarın 8-də İraqdakı ABŞ bazalarının bombalanmasından bir neçə saat sonra İranın HHM sistemləri Tehran yaxınlığında Ukraynanın “Boeing 737-800” sərnişin təyyarəsini ABŞ raketi kimi qəbul edərək vurub. Tehran-Kiyev reysi ilə hərəkət edən təyyarədəki 176 nəfərin hamısı həlak olub. İran əvvəlcə təyyarənin texniki səbəblərdən qəzaya uğradığını açıqlasa da, sonradan səhvən vurulduğunu etiraf edib və təzminat ödəməyə razılaşıb.
Avstraliya meşə yanğınlarının cəngində
Avstraliyada hələ 2019-cu ilin iyunundan başlanan meşə yanğınları 2020-ci ilin ilk günlərindən daha da şiddətlənib. Yanğın ümumilikdə bütün Avstraliya üzrə 8,4 milyon hektar meşə sahəsini məhv edib. Sidney Universitetinin apardığı araşdırma nəticəsində bəlli olub ki, Avstraliyanı cənginə almış meşə yanğınlarında bir milyarddan çox heyvan tələf olub.
Araşdırmaya rəhbərlik edən professor Kris Dikmanın sözlərinə görə, təkcə Yeni Cənubi Uels ştatında yanğınlar səbəbindən 800 milyondan artıq heyvan ölüb.
Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya bölməsi Dikmanın araşdırmasını nəzərə alaraq, yanğın zamanı yaralanan heyvanların sayını 1,25 milyard olaraq göstərib.
Koronavirusdan ilk ölüm: Pandemiya
Yanvarın 11-də Çində yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb. Pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaşlı kişi Uhan şəhərində yerləşən dəniz məhsulları bazarının müştərisi olub. Koronavirus bəlası isə elə məhz Uhan şəhərindən yayılaraq bütün dünyanı cənginə alıb. Bir neçə həftə sonra Çin hakimiyyəti virusun mutasiyaya uğramış ola biləcəyi və qlobal epidemiyanın başlanması barədə çıxışlar edib. Yalnız martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başlandığını elan edib. Həmin vaxt COVID-19 dünyanın 114 ölkəsində 118 min insana toxuna bilmişdi. İndi isə bu rəqəm hətta ayrı-ayrı ölkələrdə belə milyonlarla ifadə olunur.
Türkiyədə təbii fəlakətlər: Dəhşətli zəlzələlər və qar uçqunu
Yanvarın 24-də Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 40 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.
4-5 fevral tarixlərində isə qardaş ölkədə qar uçqunu baş verib. Türkiyənin Van-Bahçesaray magistralında əvvəlcə qar uçqunu zamanı mikroavtobusda qalan iki nəfərin xilas edilməsi istiqamətində əməliyyat başladılıb. Xilasetmə əməliyyatı zamanı isə ikinci dəfə qar uçqunu baş verib. Faciə nəticəsində ümumilikdə 41 nəfər ölüb, 81 nəfər yaralanıb.
Oktyabrın 30-da isə İzmir şəhərində 6.6 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra bölgədə 3630 afterşok qeydə alınıb. 116 nəfərin öldüyü zəlzələ zamanı 1034 nəfər yaralanıb.
Basketbolun əfsanəsinin faciəvi ölümü
Yanvarın 26-da əfsanəvi basketbolçu Kobe Brayant 41 yaşında vəfat edib. Onun ölümünə səbəb helikopter qəzası olub. 30 minə yaxın insanın qatıldığı vida mərasimində Maykl Cordan, MBA çempionu Şakil Onil, tanınmış müğənnilərdən Cennifer Lopez, Beyonse, Kristina Agilera kimi ulduzlar iştirak ediblər. Onlar natiqlərin K.Brayant haqqında çıxışlarını dinləyərkən göz yaşlarına hakim ola bilməyiblər.
“Brexit” – Böyük Britaniya Aİ-ni tərk etdi
31 yanvar tarixində Avropa İttifaqı tarixi üçün olduqca əhəmiyyətli hadisə baş verib: ilk dəfə üzv ölkələrdən biri qurumdan ayrılıb. Bu hadisə Britaniyada heç də bayram əhval ruhiyyəsi yaratmadı. Bir çox britaniyalı evlərinin pəncərəsi qarşısında şam yandıraraq bu tarixi hadisəyə gələcəkləri barədə narahat olduqlarını göstərməklə münasibət bildirib. 2020-ci il – keçid ilinin sonuna qədər ölkə ərazisində Aİ qaydaları qüvvədə qalıb, lakin Böyük Britaniya hələ də qurumla həyati əhəmiyyətə malik qarşılıqlı ticarət sazişini imzalaya bilməyib.
Pandemiya və “Neft qiymətləri uğrunda müharibə”: “Sudan ucuz neft”
Martın 9-da Rusiya ilə Səudiyyə Ərəbistanı arasında “neft qiymətləri uğrunda müharibə” dünya iqtisadiyyatına ağır zərbə endirib. Belə ki, neft qiymətləri son 30 ildə - Fars körfəzindəki müharibədən sonra ən kəskin şəkildə - təxminən 30 faiz ucuzlaşıb.
Aprel ayında ABŞ-ın WTI markalı neftinin qiymətləri mənfi göstəriciyə düşüb. “Brend” markalı neftin qiyməti isə COVID-19 pandemiyası və “neft qiymətləri uğrunda müharibə” şəraitində bir barel üçün 20 dollardan aşağı enib.
Corc Floydun ölümündən sonra etiraz aksiyaları: “Black Lives Matter”
Mayın sonunda ABŞ-da Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq iğtişaşlar başladı. Etirazlar tezliklə bütün ölkəyə yayılıb. Artıq iyun ayında müvafiq etirazlar dünyanın 60 ölkəsinin 2 mindən artıq şəhərində keçirilib. İrqçilik əleyhinə “Black Lives Matter” hərəkatı isə böyüklüyünə görə ABŞ tarixinə düşüb: aksiyaların pik dövründə 15-26 milyon amerikalı iştirak edib.
Beyrut limanında dəhşətli partlayış: Şəhər yerlə-yeksan olub
Avqustun 4-də Beyrut limanında dəhşətli partlayış baş verib. Partlayış nəticəsində şəhərdə binalar dağılıb, xəstəxanalar, məktəb və küçələrə ağır zərər dəyib. Partlayış, həmçinin, şəhərdə iqtisadi aktivliyin azalmasına səbəb olub. Analitiklərin fikrincə, bütün bunlar ölkədə 45 faizə çatan işsizlik səviyyəsinin daha da artmasına gətirib çıxara bilər.
Dünya Bankının qiymətləndirməsinə əsasən, Livanın dövlət sektorunun bərpasına 2020-2021-ci illərdə 1,8-2,2 milyard dollar tələb olunur.
Livan Prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqlayıb: qəza, ammonium nitratın saxlanma şəraitinin pozulması və xarici müdaxilə.
Partlayış nəticəsində ümumilikdə 190 nəfər həlak olub, 6 mindən artıq insan yaralanıb.
Dünya koronavirus bəlasında: İlk peyvənd müjdəsi
Avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin dünyada ilk dəfə ölkəsinin koronavirusa qarşı “Sputnik V” peyvəndini qeydiyyatdan keçirdiyini açıqlayıb. Bir müddət sonra Vladimir Putin qızlarından birinin də peyvənd edildiyini və özünü yaxşı hiss etdiyini bildirib. Dekabrın 6-da Rusiyada “Sputnik V” peyvəndi ilə kütləvi vaksinasiya prosesi start götürüb.
İlk peyvəndin qeydə alınmasından bir müddət sonra peyvəndlə bağlı bir çox ölkələrdə də uğurlu addımlar atılıb. Artıq 2020-ci ilin sonundan bir sıra ölkələrdə koronavirusa qarşı vaksinasiya prosesi start götürüb. Ölkəmizdə bu prosesin 2021-ci ilin əvvəlində başlanması gözlənilir.
ABŞ-da prezident seçkiləri: Bayden üçün TRAMPlin
Noyabrın 3-də ABŞ-da növbəti dəfə prezident seçkiləri keçirilib. Bu seçkilər ölkənin bütün tarixi boyu qeydə alınmış seçici fəallığı rekordlarını alt-üst etməsi ilə yadda qalıb. Seçkilərin ikinci özünəməxsusluğu isə poçtla səs vermək imkanı olub. Səslərin sayılması prosesinin davam etməsinə baxmayaraq, noyabrın 7-də ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri demokratların namizədi Co Baydenin qalib olduğunu elan edib. Bayden ABŞ tarixində ilk dəfə olaraq 80 milyon səs toplayıb. Donald Tramp isə öz növbəsində seçkilərin saxtalaşdırıldığını və bunu sübuta yetirmək üçün əlindən gələn hər şeyi edəcəyini qeyd edib.
Dünya futboluna ağır itki: Əfsanəvi Maradona vəfat edib
Noyabrın 25-də dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona vəfat edib. Argentinalı dünya çempionu 60 yaşında həyatla vidalaşıb.
Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Əfsanəvi futbolçu Dieqo Maradona qohumlarına məktub yazıb və bədəninin uzun illər qorunub-saxlanmasını, balzamlaşdırılmasını istəyib. Maradonanın ölümü ilə bağlı dünya futbol ictimaiyyətinin bir çox üzvləri onunla bağlı paylaşımlar edib, mərhumun ailəsinə başsağlığı verib.
“Qarabağ Azərbaycandır!” – Ərazi bütövlüyümüz bərpa edilib!
Azərbaycan xalqı üçün isə 2020-ci ildə dünyada baş verən ən yaddaqalan hadisənin hansı olduğunu tapmaq heç də çətin deyil. İyul ayında Ermənistan tərəfinin Tovuz istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat törətməsi ilə başlayan hadisələr sentyabrın 27-də yeni mərhələyə keçib. Azərbaycan Ordusunun erməni təxribatına cavab olaraq bütün cəbhəboyu ərazidə əks-hücum əməliyyatına başlaması əmri verilib və müzəffər Ordumuz düşmənə sarsıdıcı zərbələr endirib. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi və torpaqlarımızın işğalına son qoyulması ilə nəticələnib. 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanan bəyanatla İrəvan müharibədə məğlub olduğunu etiraf edib.
Dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarı ilə onun ətrafında birləşən Azərbaycan xalqı 2020-ci ildə bütün dünyaya həmrəylik, birlik və bərabərlik nümunəsi göstərib.
Oxu.Az