Xəritələr bütün dünyada həmişə müxtəlif baxışların təbliği üçün istifadə olunub. Bu mənada müasir texnologiyalar ötən əsrlərin ənənəsini davam etdirir.
İnsider.az dünyanın ən qədim 9 xəritəsini təqdim edir:
1. Mamont dişi üzərində xəritə
Üzərində xəritə həkk olunmuş mamont dişi Çexiyanın Pavlov şəhəri yaxınlığında tapılıb. Uzun illər aparılan tədqiqatlardan sonra dişin üzərindəki ornament ən qədim xəritə kimi qəbul edilib.
Onun yaşı 25-27 min il hesab olunur. Dişin üzərində çay, təpə, yarğan, qayalar, eləcə də ovçuların evi təsvir olunub.
2. Lasko mağarasındakı xəritə
Fransada eramızdan 15-18 min il əvvəl yaranmış Lasko mağarası qədim qayaüstü rəsmlər əks olunmuş heyrətamiz abidədir.
Hazırda mağaraya giriş qadağandır. Belə ki, alimlər temperaturu, rütubətin səviyyəsini nizamlayaraq, eləcə də ayda iki dəfə göbələkdən təmizləyərək abidədə hələ də araşdırma işləri aparırlar.
Alimlərin fikrincə, heç də bütün qayaüstü rəsmləri ilkin incəsənət əsəri hesab etmək olmaz, onların bir hissəsi daha çox xəritəyə bənzəyir.
3. Abaunts Lamizulo mağarasında xəritə
Xəritə 2009-cu ildə əl ölçüsündə olan qumdaşı üzərində aşkar edilib. Üzərində dağ, çay, hətta heyvanlar əks olunan kiçik daş parçası İspaniyanın şimalında, Basklar diyarının mərkəzindəki Navarrada yerləşən Abaunts Lamizulo adlı mağarada tapılıb.
Daşın tapıldığı ərazidə həkk olunan bu xəritənin madlen ovçuları-yığıcıları tərəfindən istifadə olunduğu hesab edilir.
4. Papirusdan olan Turin xəritəsi
Papirusdan olan Turin xəritəsi dünyanın günümüzə qədər gəlib çatan ən qədim coğrafi (eyni zamanda geoloji) xəritəsidir.
Burada Vadi-Həmmamatın ağac, təpə, qızıl mədənləri və daş karxanaları, eləcə də onlar arasındakı məsafə daxil olmaqla, 15 kilometrlik hissəsi əks olunub. E.ə. 1160-cı ildə IV Ramzes tərəfindən daş çıxarma yerlərinə təşkil olunmuş ekspedisiya üzvləri üçün tərtib olunmuşdu.
Bərpadan sonra ölçüləri 280x41 sm olan xəritə Turinin Misir muzeyində saxlanılır.
5. Dünyanın Babil xəritəsi
Dünyanın Babil xəritəsi Mesopotamiyada düzəldilmiş son Babil dövrünə aid gildən olan lövhədir ki, burada həm real coğrafi obyektlər, həm də mifoloji elementlər əks olunub.
Lövhə Britaniya muzeyində saxlanılır. Alimlər toponimlərin yazılma üslubuna əsasən xəritəni e.ə. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid edirlər.
Bütün real coğrafi obyektlər iki konsentrik çevrənin içində yerləşir. Çevrələr dünya okeanını bildirir və hərfi mənada “duzlu su” kimi qeyd olunub. Xarici üçbucaqlar isə müxtəlif mifoloji obyekləri bildirirlər.
6. Anaksimandrın xəritəsi
Qədim yunan filosofu Anaksimandr nəzmlə yazılmış ilk yunan elmi əsərinin müəllifidir.
“Qanun” terminini ilk dəfə işlətməklə, ictimai praktika anlayışını təbiət və elmə tətbiq edib. Anaksimandr Yerin ölçülərini o dövrdə məlum olan digər planetlərin ölçüləri ilə müqayisə etməyə çalışmışdı. Hesab olunur ki, o, Yerin bizə qədər gəlib çatmayan, lakin qədim müəlliflərin təsviri vasitəsilə qismən bərpa olunan ilk xəritələrindən birini tərtib edib.
Əvvəlki dövrün şəhər, yol və digər obyektlər təsvir olunan digər xəritələrindən fərqli olaraq, Anaksimandr öz xəritəsində insan yaşamayan əraziləri də əks etdirməyə çalışmışdı.
7. Hekatey xəritəsi
Miletli Hekatey qədim yunan tarixçisi və coğrafiyaşünasıdır. O, antik coğrafiyanın banilərindən biri sayılır. Oykumenlərin – o dövrün yunanlara məlum olan bütün ölkələrinin ətraflı təsviri də məhz onun adı ilə bağlıdır.
Onun əsas əsərləri ilkin formada “Asiya” və “Avropa” adlanan, lakin günümüzə 300 fraqment şəklində çatan iki kitabdan ibarətdir. Alimin fikrincə, iki materik arasında sərhəd Don, daha sonra isə Azov dənizi üzrə keçirdi.
8. Eratosfenin xəritəsi
E.ə. III əsrdə yaşamış qədim yunan riyaziyyatçısı və coğrafiyaşünası Eratosfen ilk dəfə olaraq Yerin ölçülərini müəyyən edib, müasir dövrdə də istifadə olunan “paralel” və “meridian” anlayışlarını tətbiq edib.
O, paralel və meridianlar şəbəkəsini düzəldərək, bunun da əsasında Yerin insanlar yaşayan hissəsinin xəritəsini tərtib edib.
Bu, Yerin kürə formasında olmasını nəzərə almaqla tərtib olunmuş ilk xəritə idi və ondan e.ə. I əsrin sonlarına kimi istifadə olunurdu.
9. Strabonun xəritəsi
Strabon Roma Yunanıstanının antik tarixçisi və coğrafiyaşünasıdır. O, “Tarix” və günümüzə, demək olar, tam şəkildə gəlib çatmış 17 kitabdan ibarət “Coğrafiya” əsərlərinin müəllifidir. Qeyd edək ki, bu əsər qədim dünyanın coğrafiyasını öyrənmək üçün ən yaxşı mənbə sayılır.
Strabon “Coğrafiya”sında yalnız quru məlumatlarla kifayətlənməyərək, o zamanların məşhur ərazilərinin təsvirini verir. Bundan savayı, bütöv mətnlə yanaşı, X əsrin məşhur epitomları (qısaltmalar, iqtibaslar) da saxlanılıb.
Strabonun çox səyahət etdiyi və bu zaman qeydlər apardığı bildirilir. O, kitablarını yazarkən əvvəlki dövrlərin də əsərlərinə müraciət edib.