“Deutsche Bank” bütün vergilərin və ev icarəsinin ödənişlərindən sonra əhalinin yerdə qalan real gəlirinin səviyyəsi üzrə şəhərlərin reytinqini tərtib edib.
Ekspertlər ailədə iki nəfərin işləməsini nəzərə alaraq, ayda adambaşına düşən əhali gəlirini hesablayıblar.
İnsider.az “Deutsche Bank” tərəfindən aparılmış tədqiqat nəticəsində müəyyən olunan dünyanın ən yüksək real gəlirli əhalisi olan 10 şəhəri təqdim edir:
1. San-Fransisko
Aylıq gəlir: $4 710
Tarixi olaraq San-Fransiskonun əsas iqtisadiyyatı turizmdir. Şəhərin filmlərdə, musiqidə və populyar mədəniyyətdə təsviri sayəsində San-Fransisko bütün dünyada tanınır.
Şəhərin iqtisadiyyatı cənubda yüksək səviyyəli mütəxəssislərin cəlb edilməsini tələb edən Silikon vadisinin yaranmasından sonra sürətli şəkildə artdı.
Vadidə həmçinin biotexnoloji və biotibbi tədqiqat mərkəzi yerləşib.
2. Sürix
Aylıq gəlir: $4 626
Sürixi çox vaxt İsveçrənin iqtisadi və maliyyə paytaxtı adlandırırlar. Sürixdə bir çox isveçrə banklarının və sığorta şirkətlərinin (UBS, Credit Suisse, Swiss Re, Zurich Financial Services) qərargahları və İsveçrə birjası yerləşib.
Bütün bunlar Sürixi dünyanın əsas maliyyə mərkəzlərindən biri edir. Şəhərdə dünya şokolad istehsalatının liderlərindən biri olan “Barry Callebaut” şirkətinin qərargahı yerləşib.
3. Çikaqo
Aylıq gəlir: $3 298
Çikaqo haqlı olaraq Orta Qərbin iqtisadi, sənaye, nəqliyyat və mədəni paytaxtı sayılır.
Şəhərdə 12 federal rezerv banklarından biri, ən iri birjalar, “CME Group”-da birləşmiş Çikaqo ticari palatası və Çikaqo mal birjası, Çikaqo opsion birjası və Çikaqo fond birjası yerləşib.
4. Boston
Aylıq gəlir: $3 188
Boston ABŞ-ın Massaçusets ştatının paytaxtı və ən iri şəhəridir. Boston həmçinin dünyada ən iri tədris mərkəzlərindən biridir.
İnkişaf etmiş infrastruktur və yüksək ixtisaslı işçi qüvvəsilə birgə bu, şəhəri biotexnologiya, mikroelektronika və yeni material yaradılması kimi müasir sahələrdə dünya liderlərindən biri edir.
5. Nyu-York
Aylıq gəlir: $3 157
Nyu-York ABŞ-ın və bütün dünyanın ən mühüm iqtisadi mərkəzidir. Onu London və Tokio ilə yanaşı dünya iqtisadiyyatının üç əsas mərkəzlərindən biri adlandırırlar.
Nyu-Yorku “Citigroup”, “J.P. Morgan Chase & Co.”, “American International Group”, “Goldman Sachs Group”, “Morgan Stanley”, “Merrill Lynch” və s. kimi maliyyə təşkilatları və “Verizon Communications”, “Pfizer”, “Alcoa”, “News Corp.,” “Colgate-Palmolive” kimi bir çox iri qeyri-maliyyə təşkilatları öz qərargahlarının yerləşməsi üçün seçiblər.
Şəhərdə Nyu-York fond birjası, NASDAQ, Amerika fond birjası, Nyu-York mal birjası və Nyu-York ticari palatası kimi iri birjalar yerləşir.
6. Sidney
Aylıq gəlir: $2 615
Sidney şəhəri öz opera teatrı, Harbor-Bric körpüsü və çimərliklərilə məşhurdur.
Şəhər sakinləri Avtraliyada adambaşına ən yüksək orta gəlirə sahibdirlər.
7. Melburn
Aylıq gəlir: $ 2 485
Melburn müasir texnologiyalar mərkəzidir. Kompüter və informasiya texnologiyaları ilə bağlı olan sahələr 60 mindən çox adamı iş yerlərilə təmin edirlər.
Şəhər həmçinin sənayenin bir çox sahələri üçün bazadır, eyni zamanda ən iri maliyyə və kommersiya mərkəzidir.
8. Oslo
Aylıq gəlir: $2 342
Oslo Norveçin ən iri iqtisadi mərkəzidir. Liman şəhəri olaraq, Osloda dəniz işi ilə bağlı təxminən 980 şirkət (ümumilikdə 8500 iş yeri) mövcuddur. Burada dəniş daşımaları, gəmi maklerləri, sığorta şirkətləri məskunlaşıblar.
Oslonun doku illik olaraq təxminən 6 milyon tonluq yük dövriyyəsilə 6 min gəmiyə və 5 milyondan çox sərnişinə xidmət göstərir.
9. Kopenhaqen
Aylıq gəlir: $2 285
Şəhər Danimarkanın mədəni, iqtisadi və hökumət mərkəzi, Kopenhaqen fond birjası ilə Şimali Avropanın ən iri maliyyə mərkəzlərindən biridir.
Şəhərin iqtisadiyyatı əsasən informasiya texnologiyaları, əczaçılıq və xalis texnologiya vasitəsilə xidmət sektorunda sürətlə inkişaf edib.
10. Vellinqton
Aylıq gəlir: $2 075
Vellinqton çoxlu sayda körpüsü, viaduku, tunelləri, parkları və gözəl və bağçaları olan gözəl və rahat şəhərdir. Bu, Yeni Zelandiyanın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəridir.
Samirə Məmmədova