“Bloomberg Billionaires Index”inə görə, dünyanın ən zəngin on adamı 2023-cü ilin əvvəlindən ümumilikdə 443,2 milyard dollar qazanıb.
İndeks reytinq iştirakçılarının səhmlərinə sahib olduqları şirkətlərin qiymətli kağızlarının dəyəri əsasında hesablanıb.
Dünyanın ən varlı adamları siyahısında lider amerikalı iş adamı İlon Maskdır. Onun sərvəti ilin əvvəlindən 105 milyard dollar artaraq hazırda 242 milyard dollar təşkil edir.
Reytinqin ikinci pilləsində ilin əvvəlindən 36,1 milyard dollar qazanan Fransanın lüks mallar istehsalçısı LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arno qərarlaşıb. Sahibkarın varidatı 198 milyard dollardır.
Üçüncü yeri tutan “Amazon”un qurucusu Jeff Bezos 49,9 milyard dollar zənginləşərək xalis sərvətini 157 milyard dollara çatdırıb.
“Microsoft”un yaradıcısı Bill Qeyts isə 136 milyard dollarlıq var-dövləti ilə dördüncü yerdə qərarlaşıb. “Oracle” İT şirkətinin yaradıcısı Larri Ellison 131 milyard dollarlıq sərvətlə (ilin əvvəlindən 39,5 milyard dollar qazanıb) beşincidir.
Bu arada, sanksiyalara baxmayaraq rusiyalı milyarderlər ilin əvvəlindən 32 milyard dollardan çox varlanıblar.