dyp-avtobus-zolagina-ve-dayanacaga-daxil-olanlar-cerimelenecek

DYP: “Avtobus zolağına və dayanacağa daxil olanlar cərimələnəcək”

“Avtobus zolaqlarında hərəkətin fasiləsiz olması üçün yol polisi kameralar vasitəsilə nəzarət tədbirləri həyata keçirir”.

İnsider.az bu barədə “Report”a istinadən xəbər verir.  “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, zolağa daxil olan və ya orada dayanan avtomobillər aşkar edildikdə dərhal ərazi üzrə xidmət aparan əməkdaşlar xəbərdar olunur:

“Yol Patrul Xidməti əməkdaşları da həmin sürücüləri aşkar edərək barələrində tədbir görür və ya təbliğat xarakterli söhbətlər apardıqdan sonra maşının ərazidən götürülməsini təmin edirlər. Yol polisi sürücülərdən bu cür qayda pozuntusuna yol verməməyi tələb edir. Eyni zamanda xahiş olunur ki, nəqliyyatın hərəkətinin fasiləsiz olması üçün qaydalara ciddi əməl etsinlər. Digər tərəfdən taksi sürücüləri və fərdi nəqliyyat vasitələrinin sahibləri avtomobili dayanacaq və ya onun yaxınlığında park edirlər ki, bununla avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilmir. Nəticədə yolun hərəkət hissəsində dayanmaqla digər nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olur, sərnişinlərin həyatını təhlükəyə atmaqla yolun hərəkət hissəsində sərnişin mindirib-düşürürlər”.

V.Əsədov qeyd edib ki, bütün bunların qarşısını almaq üçün yol polisi artıq müəyyən addımlar atmağa başlayıb:

“Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla bu problemlərin həllinə nail olmaqdır. Lakin, təəssüflər olsun ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması bəzi problemlər yaradır. Belə ki, bütün avtobus duracaqlarında avtobuslar üçün xüsusi ciblər olduqda və taksilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq yerlərin ayrılması mövcud problemin həllinə geniş imkanlar yarada bilər. Yəni taksilər onlar üçün yaradılmış duracaqlardan istifadə etməlidir ki, əlavə problemlər yaranmasın”.

“Sürücülər arasında aparılan təbliğat işləri müəyyən müsbət nəticələr verir. Artıq bir neçə gündür keçirilən tədbirlər bunu deməyə əsas verir. Lakin, təəssüflər olsun ki, sürücülər də öz arqumentlərini ortaya qoyaraq narazılıqlarını bildirirlər ki, taksilərin dayanması üçün müvafiq yerlər yetərincə deyil. Sürücülər parklanma yerlərinin az olduğunu əsas gətirirlər. Lakin bu o demək deyil ki, kim harda istədi maşın saxlaya bilər. Təbliğat işləri müsbət nəticələr verəcək”, - V.Əsədov bildirib.