“Həmin əraziyə bitişik və paralel olan küçələrdə müvəqqəti olaraq hərəkət məhdudlaşdırılıb və hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq”.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlar ki hərəkət normal şəkildə tənzimlənsin.
Qeyd olunan ərazidəki təhlükəli və qəzalı vəziyyəti nəzərə alıb, sürücülərdən həmin istiqamətlərdə hərəkət etməməyi tövsiyə edirik”, - deyə o vurğulayıb.
09:58
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, ərazidə qurumun müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
08:38
“Azərsu” ASC Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı daha bir açıqlama yayıb.
Qurumun mətbuat xidməti Anar Cəbrayıllının verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:
“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.
08:21
Bakıda magistral su xətti partlayıb.
Bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib.
Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:
“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.
Görüntüləri təqdim edirik:
Daha çox foto burada: Photostock.az
Oxu.Az