Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-nəqliyyat hadisələri ilə bağlı sürücülərə müraciət edib.
İnsider.az xəbər verir ki, bunu BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "Report"a bildirib. Son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxan insanların sayının azalması və respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması ötən günlərlə müqayisədə yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin, eyni zamanda sürücülər tərəfindən törədilən yol hərəkəti qayda pozuntularının sayının artmasına təsir edib:
"Belə ki, respublika ərazisində gün ərzində ümumilikdə 11-12 min fakt (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınan 6-7 min fakt) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın aşkar edilməsi, dövlət yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq ağır yol-nəqliyyat hadisələrinin də baş vermə riskini artırır.
Qeyd olunanları nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün, Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən intizamlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir".