“Bu gündən etibarən restoranlara ancaq koronavirusa qarşı hər iki doza peyvənd olunan şəxslər buraxılır”.
Bunu açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E. Hacıyev bildirib ki, COVİD pasportu olan yaşı 18-dən yuxarı şəxslər həmin obyektlərə daxil olarkən müvafiq qaydada yoxlanılacaq: “DİN, AQTA, Dövlət Vergi Xidməti və Rayon İcra hakimiyyəti orqanlarının nümayəndələrinin birgə monitorinq qrupları tərəfindən vaxtaşırı müvafiq yoxlamalar aparılacaq. Restoranlara COVİD pasportu olmadan daxil olanlar aşkar edilərsə, , ciddi şəkildə intizam tədbirləri tətbiq olunacaq”.
E. Hacıyev onu da əlavə edib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: “COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. İctimai iaşə obyektlərinə restoran və kafelər də aid edilir.
Qaydaların pozulmasına görə isə vətəndaşlar deyil, restoran, kafe və digər iaşə obyektlərinin sahibləri məsuliyyət daşıyırlar.
© APA