"2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlmişdir".
Bu, Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Qeyd edilib ki, tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olmuşdur. Cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilmişdir. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirmişdir.
Sorğu nəticələrinə əsasən cari ilin I rübündə istehlak və ipoteka portfeli üzrə kredit standartlarında yumşalma tendensiyasının səngiməsi meylləri müşahidə edilmişdir. Banklarla rəqabət və portfelin keyfiyyəti ipoteka kreditləri üzrə standartlara yumşaldıcı, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və təminat riski isə sərtləşdirici təsir göstərmişdir. İstehlak kreditləri üzrə isə əsas sərtləşdirici faktorlar inflyasiya, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və əhalinin ödəmə qabiliyyəti olmuşdur. Banklarla rəqabətin yumşaldıcı təsiri azalmışdır.
Sorğunun nəticəsində risklərə də yer verilib.
Qeyd edilib ki, sorğunun nəticələrinə əsasən cari ilin I rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, digər risk göstəriciləri üzrə isə azalma müşahidə edilmişdir. 2023-cü ilin I rübündə kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma, ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım olmuşdur. Bununla belə, bankların cavablarına əsasən biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması dinamikası səngimişdir. Mikro sahibkarlıq subyektləri üzrə səngimə daha çox nəzərə çarpır.
2023-cü ilin I rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə bu linkdən tanış olmaq olar.
Marja