ekologiya-naziri-aimc-fealiyyeti-beynelxalq-standartlara-cavab-verir-ve-etraf-muhit-ucun-tehlukeli-d

Ekologiya naziri: AIMC fəaliyyəti beynəlxalq standartlara cavab verir ve ətraf muhit ucun təhlukəli deyil

Ötən il ölkə gündəmində ən çox yer alan məsələlərdən biri də Gədəbəyin Söyüdlü kəndində baş verən hadisə oldu. Sakinlərin “Azerbaijan International Mining Company” şirkətinin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının ətraf mühitə və sakinlərin sağlamlığına ziyan verilməsi ilə əlaqədar etirazı səsləndi.

Sakinlərin sağlamlığının, eləcə də  ətraf mühitin təhlükədə olmasına dair daxil olan vətəndaş müraciətlərinin araşdırılmasını təmin etmək üçün Baş nazir Əli Əsədovun sərəncamı ilə Komissiya yaradıldı.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrlik etdiyi  Komissiyanın tərkibinə: Səhiyyə nazirinin müavini, Fövqəladə hallar nazirinin müavini, Kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxil olmuşdur.

Komissiya tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana ərazisində aparılacaq monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılmışdı.

İnsider.az xəbər verir ki, aparılan araşdırmalar və laboratoriya təhlilləri nəticəsində “Azerbaijan International Mining Company” şirkətinin fəaliyyətinin Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmaması müəyyən edilib. Bu faktı ekologiya üzrə beynəlxalaq audit keçirən “Micon” şirkəti də təsdiqləyib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Söyüdlü kəndində könüllü olaraq tibbi müayinələrin keçirildiyini, aparılan müayinələrdə ağır metalların insanların sağlamlığına təsirinə rast gəlinmədiyini, əhalinin sağlamlıq vəziyyətinin qənaətbəxş hesab edildiyini qeyd edib.

Xatırladaq ki, Komissiyanın işi ilə bağlı keçirilən birifinqdə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev:

“Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə havada təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir”, deyə bildirmişdir.

Qeyd edək ki, tərkibinə terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislərin daxil olduğu tibbi briqada tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılmışdır. 

Müayinədən keçmək üçün müraciət edən vətəndaşların hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və  onlarda xüsusi patologiyalar aşkar edilməmişdir.