“Rusiya və Azərbaycan OPEC+ formatındakı razılaşmanın ən intizamlı iştirakçılarındandır”.
İnsider.az xəbər verir ki, bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Enerji Siyasəti və Diplomatiyası İnstitutunun direktor müavini İqbal Quliyev bildirib.
“Bildiyimiz kimi, iyunun 6-da OPEC+ formatının iştirakçıları neft hasilatını rekord həddə ixtisar edilmiş səviyyədə iyul ayının sonunadək saxlamağa razılıq verdilər. Misilsiz məhdudiyyətlərə baxmayaraq, Rusiya ilə Səudiyyə Ərəbistanı razılaşmanın bütün iştirakçıları tərəfindən şərtlərə tam əməl olunmasında israr etdilər. Bununla bağlı may ayının yekunlarına görə, öhdəliklərini yerinə yetirməyən Niger və İraqla bağlı məsələyə xüsusi diqqət yetirildi, habelə Anqola və Qazaxıstan da lazımi hasilat həcminə çatmadı. Bu ölkələr sentyabrın sonunadək hasilatın ixtisarına dair yol verdikləri bütün nöqsanları aradan qaldırmalıdır.
Bütövlükdə, OPEC+ formatının iştirakçıları may ayında öhdəliklərini 90 faiz həddində yerinə yetirdilər. O cümlədən Rusiya hasilatı 20 faiz azaldaraq 8,5 milyon barelə çatdırmaqla öhdəliklərini tam həcmdə yerinə yetirib. OPEC+ görüşündə neft bazarının tənzimlənməsində Azərbaycanın da töhfəsi yüksək qiymətləndirildi. OPEC+ formatının növbəti böyük görüşü 30 noyabr – 1 dekabr tarixlərinə təyin olunsa da, Nazirlərin Birləşmiş Monitorinq Komitəsi iyun ayının 18-dən etibarən hər ay iclas keçirəcək. Belə ki, icra intizamına xüsusi diqqət yetiriləcək”, – o deyib.
Ekspertin sözlərinə görə, hasilatın rekord sürətlə azalması neft bazarında tarazlığa gətirib çıxarmalıdır: “Rusiya Energetika Nazirliyinin ehtimalına əsasən, dünya bazarında təkliflə tələbat arasında iyun ayında tarazlıq yaranmalı, iyulda isə 3-5 milyon barel həcmində kəsir yarana bilər. Xatırladım ki, aprel ayında dünya bazarında gündəlik tələbat 25-28 milyon barel azalmışdı, may ayında isə təklifin artıq hissəsi 21 milyon barel azalıb”.
“Bazarda tarazlığın əldə ediləcəyi və yaxın gələcəkdə neft bazarında kəsirin yaranacağı OPEC+ formatı iştirakçıları tərəfindən razılaşmaya nə dərəcədə əməl edəcəyindən asılıdır. Həmçinin çox böyük həcmlərdə neftin tankerlərə vurulub saxlanılmasını da unutmamaq lazımdır”, – İ.Quliyev fikrini tamamlayıb.
OPEC ehtimal edir ki, OPEC+ formatı çərçivəsində əldə edilən razılaşma və tələbatın bərpası nəticəsində ilin üçüncü rübündə neftin təklifində 2,8 milyon barel həcmində kəsir yaranacaq. İlin birinci yarısında neft istehlakının kəskin azalması nəticəsində illik orta hesabla təklif tələbatı 2 milyon barel üstələyəcək.
Report