Hesablama Palatası əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.
İnsider.az xəbər verir ki, bu barədə Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinə dair rəyində qeyd edib. Rəydə əlavə dəyər vergisinin iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alət olduğu vurğulanaraq bu vergi üzrə faktiki daxilolmanın xüsusi çəkisinin ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən ümumi gəlirlərin 68,2%-ni təşkil etdiyi göstərilib.
Dövlət büdcəsinin əlavə dəyər vergisi üzrə gəlirlərinin tərkibində Azərbaycan Respublikası Vergilər Nazirliyinin payının əvvəlki illərə nisbətən daha da azaldığını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin payının isə artdığını qeyd edərək Hesablama Palatası idxal olunan aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin, eyni zamanda ölkə ərazisində malların, işlərin və xidmətlərin təqdim edilməsinin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olduğunu vurğulayıb. Kənar dövlət maliyyə nəzarəti orqanı bu meylləri nəzərə alaraq əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edib.