eldar-mahmudovun-ovladlarina-qarsi-mehkeme-basladi

Eldar Mahmudovun övladlarına qarşı məhkəmə başladı

Bakı Kommersiya Məhkəməsində İlqar Ağarəhimovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudovaya qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.

Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmə növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, İlqar Ağarəhimov Anar Mahmudov və Nərgiz Mahmudovu məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.

İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksəkvəzifəli şəxsləri həbs ediliblər.

Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının, hətta Avropada biznes imperiyası qurduqları iddia edilib.

Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.

Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xuraman Mahmudova yazardır.

Pravda.az