elman-rustemov-azerbaycanda-bank-sektoru-dayaniqlidir

Elman Rüstəmov: "Azərbaycanda bank sektoru dayanıqlıdır"

"Dünyada pandemiyanın yaratmış olduğu ümumi iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycanda bank sektoru dayanıqlıdır".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkə banklarına maliyyə yardımının göstərilməsi zərurəti haqqında sualı cavablandırarkən bildirib.

“Bank sektoru sağlamdır və ümumilikdə pandemiyadan yaxşı çıxıb. Mənfi göstəricilər sistemdən çıxarılmış (lisenziyaları geri alınmış) banklarla bağlı idi. Bu gün bank kapitalının adekvatlığı və likvidliyi 2 dəfə yüksəkdir, bu səbəbdən yalnız bəzi məhdudiyyətləri qüvvədə saxlamışıq”, - E.Rüstəmov koronavirus pandemiyasının tüğyan etdiyi zaman qüvvəyə minən tənzimləyici məhdudiyyətlər barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bank sektorunda - biznes, ipoteka və böyük ölçüdə istehlak kreditlərində artım göstərir ki, bu sahədə vəziyyət normaldır, banklar özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, bu il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank sektorunun aktivləri 33 milyard 426,7 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,6% daha çoxdur.

Aktivlərin strukturunda 13 milyard 981,9 milyon manat vəsait müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Bu il sektorun kredit portfeli 7,8% artıb, aktivlərdə kreditin payı isə 41,7%-dən 41,8%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,6% artaraq, 28 milyard 613 milyon manata çatıb. Depozit portfeli 16,25% böyüyərək 22 milyard 749,7 milyon manata çatıb. Bunun 8 milyard 400,2 milyon manatı fiziki şəxslərin, 14 milyard 439,5 milyon manatı hüquqi şəxslərin depozitidir. İl ərzində əhalinin banklardakı vəsaiti 8,1%, şirkətlərin banklardakı vəsaiti isə 21,55% artıb.

Sektorun balans kapitalı 2,1% artaraq, 4 milyard 813,7 milyon manat təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.

Report