emek-munasibetlerinin-tenzimlenmesi-ve-koordinasiyasi-komissiyasinin-selahiyyetleri-artirilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının səlahiyyətləri artırılıb

Nazirlər Kabineti “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi”ni təsdiq edib.

İnsider.az-ın məlumatına görə, Əsasnaməyə əsasən, əlaqələndirmə komitələrinin tərkibi bərabər sayda olmaqla, aşağıdakı kimi formalaşdırılır:

- həmkarlar ittifaqlarının nümayəndələri

- işəgötürənlər birliklərinin nümayəndələri;

- yerli icra hakimiyyəti orqanlarının nümayəndələri;

- yerli özünüidarəetmə orqanlarının nümayəndələri;

- dövlətə məxsus hüquqi şəxslərin yerli (regional) qurumlarının nümayəndələri;

- mərkəzi icra hakimiyyəti orqanlarının yerli (regional) qurumlarının nümayəndələri;

- qeyri-hökumət təşkilatlarının nümayəndələri.

Əlaqələndirmə komitəsinin fərdi tərkibi 3 il müddətinə yerli icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilir.

Əlaqələndirmə komitəsinin sədri yerli icra hakimiyyətinin başçısının müavinlərindən təyin olunur.

Əlaqələndirmə komitələrinin hüquqları aşağıdakılardır:

-  ərazi məşğulluq proqramının hazırlanması üçün müvafiq inzibati ərazi vahidinin iqtisadi, sosial və demoqrafik göstəriciləri, əmək bazarının ötən il üzrə mövcud vəziyyəti, növbəti il üçün proqnozlar, yeni iş yerləri, məşğul əhalinin iqtisadi fəaliyyət növləri, işsiz və işaxtaran şəxslər, aktiv məşğulluq tədbirləri və digər məsələlər barədə aidiyyəti qurumlardan lazımi məlumatlar alır;

- ərazi məşğulluq proqramlarının hazırlanmasına aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələrini, müəssisə, idarə və təşkilatları cəlb edir;

- hazırlanmış ərazi məşğulluq proqramının layihəsini müvafiq inzibati ərazi vahidi üzrə ictimai müzakirəyə çıxarır;

- ərazi məşğulluq proqramının yerinə yetirilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına və Komissiyaya məlumatlar verir, zərurət olduqda məsələni bu qurumların müzakirəsinə təqdim edir;

- öz vəzifələrini yerinə yetirmək üçün müəssisələrdən, idarələrdən və təşkilatlardan məşğulluq məsələlərinə aid zəruri məlumatlar alır;

- məşğulluq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

- yerli icra hakimiyyəti orqanının başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli özünüidarəetmə orqanlarının və Daxili İşlər Nazirliyinin inzibati sahədə xidmət aparan polis əməkdaşlarının birgə fəaliyyəti əsasında müvafiq inzibati ərazi vahidində yaşayan əhalinin qeydiyyat statusunun, onların məşğulluq statusunun müəyyən edilməsi məqsədilə tədbirlər görür;

- məşğulluq sahəsində proqramların icrası ilə bağlı təkliflər verir, seminarlar və digər tədbirlər keçirir, sərgilər təşkil edir;

- əlaqələndirmə komitəsinin öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yayır.

Əlaqələndirmə komitələrinin qərarları tövsiyə xarakteri daşıyır.

Əlaqələndirmə komitələri öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir, fəaliyyəti barədə yerli icra hakimiyyətlərinin başçılarına və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına məlumat verir.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamı ilə yaradılıb.

Komissiyanın sədri Baş Nazirin müavini Əli Əhmədov, Komissiyanın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Vergilər naziri, İqtisadiyyat naziri, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidentidir.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi”nin təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabineti “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” 2002-ci il 5 mart tarixli 40 nömrəli qərarını ləğv edib. Bununla da bu sahədə Respublika əlaqələndirmə komitəsi adlı qurumun da fəaliyyətinə hüquqi baxımdan son qoyulub.