“İşçilərin tibbi müayinədən keçirilməsi ciddi məsələdir. Keçirilən nəzarət tədbirləri zamanı qida müəssisələrində çalışan 24 967 şəxsdən 4 104 nəfəri tibbi müayinədən keçmədiyi aşkarlanıb”.
Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, onların sağlamlığı barədə heç bir məlumat yoxdur:
“Bu da insan həyatını təhlükə altına qoyur. Bu sahədə çox ciddi qayda pozuntuları aşkarlanıb. Böyük pay qida məhsullarının daşınması işi ilə məşğul olan şirkətlərin üzərinə düşüb. Bütün bunlar onu deməyə əsas verir ki, işəgötürənlər təsadüfi şəxsləri işə götürür və sağlamlıq arayışı tələb etmirlər”.
“Qida ilə təmasda olanlar da vətəndaşlara xidmət göstərirlər. İşçilərini tibbi müayinədən keçirməyənlərin qarşısı qətiyyətlə alınacaq. Müraciət edirəm ki, işçilər işəgötürəndən müayinədən keçirilmələrini tələb etsinlər”, - deyə o qeyd edib.
Oxu.Az