"Təhsil sahəsi daim ictimai müzakirə mövzusudur. Bu müzakirələrdə təhsildə nəticə nədir sualının verilməsi və cavabını tapması olduqca vacibdir. Bu məsələdə əsas olan fakt və rəyləri bir-birindən ayırmaqdır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, nəticəyönümlü maliyyələşməyə keçid həm ictimaiyyətlə, həm maliyyə nəzarət qurumları, həm də digər aidiyyəti orqanlarla birgə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən etməyə imkan verir: "Bütün müzakirə və mübahisələrimiz ölçüləbilən bu nəticələr əsasında olmalıdır. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Çünki şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası olacağına inanmıram".
"İkinci böyük çağırış yəqin ki, müəyyən edilmiş indikatorların ölçmə məsələsidir. Burada da ənənəvi müzakirəmiz fərdi rəylər, qiymətləndirmələr və digər məsələlərlə bağlı olur. Yəni, nəyinsə yaxşı olması və ya olmaması əsasən statistik dataya əsaslanan fikir və faktlar yox, şəxsi rəy və subyektiv mülahizələrə daha çox rast gəlinir. Bu mənada nəticəyönümlü maliyyələşmənin ən böyük üstünlüklərindən biri nəinki nəticəni müəyyən etmək, həm də nəticəni ölçmək sualını da müəyyən mənada özündə cavablandırmış olur. Təbii ki, bunun maliyyə məsələsi olduqca vacibdir. Çünki yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır. Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bizim üçün bu yanaşmanın üstünlükləri ilk növbədə təhsil siyasəti sahəsində olan ictimai müzakirələrə konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır", - nazir əlavə edib.
Report