energetika-naziri-berpa-olunan-enerji-menbeleri-200-milyon-kubmetr-qaza-qenaet-etmeye-imkan-verecek

Energetika naziri: Bərpa olunan enerji mənbələri 200 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək

“2020-ci il yeni generasiya güclərinin yaradılması, eləcə də elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması hədəfinə doğru yolun başlanğıcı ola bilər”. 

İnsider.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

O, bildirib ki, Azərbaycan gələcəkdə 200 milyon kubmetr qaza qənaət edə bilər: “Bu, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ölkəmizin ətraf mühitə atılan istixana qazlarının azaldılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, yeni xidmət və istehsal sahələrinin yaradılmasına və nəticədə çoxsaylı iş yerlərinin açılmasına, ən əsası isə təbii qaza qənaət edilməsinə şərait yaradacaq. Təkcə bir faktı qeyd edək ki, bərpa olunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt/s elektrik enerjisi bizə, təxminən, 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.

Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Nazirlik bazar münasibətlərinə keçidlə bağlı uzun müddətdir ki, ətraflı təhlillər aparır, xarici ölkələrin təcrübəsi öyrənilir, ekspertlərlə əməkdaşlıq edilir. Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər də hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilib. Bir məqamı vurğulayaq ki, elektrik enerjisi bazarının liberallaşdırılması uzunmüddətli prosesdir, Avropa ölkələrində bu proses əsasən 8-10 il ərzində həyata keçirilib. Ölkəmizdə kifayət qədər ehtiyat istehsal güclərinin, tənzimləyici qurumun, siyasi iradənin olması və kadr potensialının mövcudluğu liberal bazar modelinə keçid üçün imkanlar yaradır. Azərbaycanda islahatlar mərhələliliyi, ardıcıllığı, prosesin dövlət tərəfindən idarə olunması və islahat prosesinə bütün bazar subyektlərinin cəlbini nəzərdə tutur. Azərbaycanda elektrik enerjisi bazarının təşkili Avropa İttifaqının 3-cü Enerji Paketinin prinsip və mexanizmlərinə əsaslanır”.

“Hesab edirik ki, bu tədbirlər elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə, dövlət subsidiyalarının aradan qaldırılmasına, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yarada bilər. 

Bu prosesin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyan “Elektroenergetika haqqında” və “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələri mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və razılaşdırma mərhələsindədir.

Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər də artıq yekunlaşdırılıb və müvafiq qurumlara razılaşdırmaq üçün təqdim edilib”,- deyə nazir məqaləsində qeyd edib.

P.Şahbazov əlavə edib ki, enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının layihələrinə baxılmaqdadır: “Qanunun qəbulu ən müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə ölkədə bütün sahələrdə enerjidən səmərəli istifadənin təmin edilməsi üçün addımların atılmasına imkan verəcəkdir. Hazırda Energetika Nazirliyi ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı”nın hazırlanmasına başlayıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın bütün sahələrini və ev təsərrüfatlarını əhatə edəcək.

“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” layihəsinin hazırlanmasına dair tapşırığın icrası istiqamətində də işlər görülür. Bu məqsədlə dövlət qurumları və institutların nümayəndələrindən ibarət ekspert qrupu yaradılıb. Eyni zamanda, layihənin hazırlanmasına bu sahədə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Bu prosesdə Avropa İttifaqı ilə əməkdaşlıq edilir və metodologiyanın hazırlanması üzrə lazımi tədbirlər görülür.

Aparılan islahatlar çərçivəsində həyata keçirilmiş mühüm tədbirlərdən biri Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasıdır. Agentliyin fəaliyyəti nəticəsində əvvəlki dövrlərlə müqayisədə enerji təchizatında bir sıra proseslər sadələşdirilib, şəffaflıq və çeviklik təmin edilib, xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin edən addımlar atılıb, müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına xidmət edən qaydalar hazırlanıb. Hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcəkdir ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin”. 

Report