enerji-meselelerini-tenzimleme-agentliyinin-gelirleri-aciqlanib

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin gəlirləri açıqlanıb

Bu il yanvarın 1-nə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) cəmi aktivləri 6 976 978 manat təşkil edib.

İnsider.az xəbər verir ki, bu da 2017-ci illə müqayisədə 578 572 manat yaxud 9,04% artım deməkdir.

2018-ci ildə AERA-nın cəmi öhdəlikləri 50 068 manat yaxud 56,3 dəfə artaraq 50 973 manat, cəmi kapitalı isə 528 504 manat yaxud 8,26% artaraq 6 926 005 manat, o cümlədən nizamnamə kapitalı 7914 dəfə artaraq 7 914 367 manat təşkil edib.

Dövlət tənzimləməsini həyata keçirən Agentliyin illik zərəri də artıb. Belə ki, AERA 2017-ci ili 628 manat xalis və məcmu zərərlə vurduğu halda, 2018-ci ildə bu rəqəm 987 106 manat yaxud 1573 dəfə artaraq 987 734 manat olub.

2018-ci ildə Agentliyin ümumi gəlirləri 8 318 474 manat olub ki, 2017-ci ilin gəlirləri barəsində məlumat verilməyib.

AERA-nın əməliyyat zərərində də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu rəqəm 1 187 040 manat yaxud 1 891dəfədən çox artaraq 1 187 668 manata çatıb.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında” yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülüb.