ereb-seyxleri-turk-liresini-xilas-etmek-qerarina-gelibler

Ərəb şeyxləri türk lirəsini xilas etmək qərarına gəliblər

Türkiyə hakimiyyəti ötən il son 20 ildə rekord məbləğdə çökən milli valyuta bazarını dəstəkləmək üçün xaricdən milyardlarla dollar borc götürmək praktikasını davam etdirir.

Türkiyə Mərkəzi Bankı tükənmiş ehtiyatlarını bir qədər bərpa etmək üçün Birləşmiş Ərəb Əmirliklərindən 4,9 milyard dollarlıq svop xəttini cəlb etməyə razılaşıb.

Üç il üçün nəzərdə tutulan sövdələşmə Türkiyə Mərkəzi Bankına ötən il dollar qarşısında dəyərinin yarıdan çoxunu itirən lirəni daha bir neçə ay dəstəkləməyə imkan verəcək.

Dekabrda Dolların qiyməti  18,3 lirəyədək yüksəlmişdi. Daha sonra lirə çöküşün bir hissəsini geri qazanıb və 19 yanvarda Bakı  vaxtı ilə saat 17.03-də bir dollar 13.59 lirədən əməliyyat olunub. Lirənin nisbi bahalaşmasına Prezident Rəcəb Tayyib Ərdoğanın yeni planı səbəb olub. Plana görə, Dolların məzənnəsinin artımı bankların ödədiyi faizdən artıq olduğu halda, Türk Lirəsi əmanətçilərinə hökumət kompensasiya ödəyəcək.

Yanvarın 7-nə Türkiyə Mərkəzi Bankının sərəncamında 110 milyard dollar ehtiyatı var idi. Bu məbləğə kommersiya banklarından tənzimləyici orqanın hesablarında yerləşdirilmiş vəsaitlər, habelə kreditlə alınan xarici valyuta daxildir. Bu vəsaitləri çıxsaq, Türkiyə Mərkəzi Bankının ümumiyyətlə ehtiyatı yoxdur: ehtiyatların xalis məbləği dekabrın ortalarında sıfırdan aşağı düşüb və hazırda mənfi zonadadır.

Lirəni dəstəkləmək üçün xaricdə pul axtarmaq Türkiyə hakimiyyəti üçün normaya çevrilib. Daha əvvəl Çindən 6 milyard dollar cəlb edən Türkiyə Mərkəzi Bankı sonra Cənubi Koreya ilə 2 milyard dollarlıq valyuta mübadiləsi sazişi (svop) imzalayıb. Qətər 15 milyard dollarlıq svop xətti ilə ən böyük kreditor olaraq qalır.

Marja