ermenistanin-xin-bascisi-turkiyeye-sefer-edecek

Ermənistanın XİN başçısı Türkiyəyə səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək.

Bunu nazir parlamentdə çıxış edən zamanı deyib.

A.Mirzoyan Ankaranın dəvətini qəbul etdiyini söyləyib.

Nazirin sözlərinə görə, forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də istisna edilmir.

XİN başçısı qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü yaxın zamanlarda planlaşdırılmır: “Ölkələr arasında hava yolu ilə yüklərin daşınmasına qoyulan qadağa artıq aradan qaldırılıb. Digər məsələlərlə bağlı razılaşmalar isə uzaqda deyil”.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.

Xatırladaq ki, Antalya Diplomatiya Forumu gələn ilin aprelin 28-30-da keçiriləcək.

Report