Bu gün "Əsrin Müqaviləsi"nin imzalanmasından 25 il ötür.
İnsider.az xəbər verir ki, 20 sentyabr 1994-cü ildə Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edildi.
“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalandı.
1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG neftinin, fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanıldı.
1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış etdi. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
“BTC Co.”nun səhmdarları bunlardır: BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (əvvəlki “Statoil”) (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), “Itochu” (3,4%), “Inpex” (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%).
Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.
2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.
Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Hazırda AÇG-də tərəfdaşların iştirak payı belədir: BP – 30,37%, “AzACG” (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Limited” (OVL) – 2,31%.
Ümumilikdə 1997-ci ilin noyabr ayından 2019-cu ilin 1 sentyabrına AÇG-dən 492 mln. ton neft hasil edilib ki, bunun da 287 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bu dövr ərzində AÇG-dən 161 mlrd. kubmetr təbii qaz hasil olunub.
Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.