Hazırda bütün dünyanın COVİD-19 ilə mübarizə apardığı və elementar gigiyenik qaydalara riayət etməməyin, insanlara həyatı bahasına başa gəldiyi bir dövrdə, həm də qida ilə orqanizmimizə bakteriyaların daxil olması təhlükəsi də mövcuddur. Bu təhlükə mənbələrindən biri - bir neçə gün öncə Siyəzəndə quş ətinin kəsimi və satışı ilə məşğul olan obyektlərə keçirilən baxış zamanı müəyyən edilib. Belə ki, həmin obyektlərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi aşkarlanıb.
Ümumiyyətlə istehlakçılar bu qəbildən, yəni toyuq və quş əti məhsulları alarkən sağlamlıqları üçün təhlükə yaratmamaq məqsədilə nəyə diqqət yetirməli, hansı meyarları üstün tutmalıdırlar? Alıcıların toyuq əti alarkən və saxlayarkən hansı qaydalara riayət etmələrinə dair suallarımı qida mühəndisi İsa Əliyev cavablandırıb.
- Toyuqların kəsim və təmizlənməsi normativlərə uyğun olmadığı halda, alıcı hansı fəsadlarla qarşılaşa bilər?
- İstehlakçının narazılığına səbəb olacaq əsas iki fəsadı qeyd etmək istərdim.
Birincisi gigiyenik qaydalara əməl olunmadığı halda meydana çıxacaq və alıcının sağlamlığı üçün təhlükə yarada biləcək mikrobilojik fəsaddır. Belə ki, toyuğun kəsimi və təmizlənməsi üçün istehsalat mühiti, sanitar və gigiyenik qaydalara uyğun deyilsə, bu zaman toyuqların üzərində, daxilində müəyyən bakteriyalar olacaq, nəticə etibarilə bu da insanların zəhərləyə bilər. Biz daha öncə dəfələrlə bunun şahidi olmuşuq, hətta kütləvi zəhərlənmə halları da baş verib. Bu dediyim kimi birinci fəsaddır.
Digər tərəfi isə ölkəmiz islam ölkəsidir. Əhalinin əsas hissəsi aldığı ətin istər quş istərsə də digər ətin halallığına önəm verir. Kəsim qaydaları doğru şəkildə həyata keçirilməzsə, islami qaydalara uyğun olmazsa bu zaman halallıq anlayışından söhbət də ola bilməz. Qeyd edim ki, müəyyən şirkətlər hətta istehsal etdikləri quş ətinin halal olmasına dair sertifikat da alırlar.
- Sözsüz ki, məhsulun çəkisinin su ilə artırılması alıcıya maddi zərər vurur. Bəs məhsulun süni çəki artırması başqa nəyə səbəb ola bilər?
- Etiraf edək ki, çəkinin su ilə artırılmasının tərəzidə aldatmaqdan heç bir fərqi yoxdur. Təbii ki, vurulan su kütlə artımına səbəb olacaq və qarşı tərəf ilk növbədə maddi zərərə uğrayacaq. Amma iş bununla bitmir. Toyuğa vurulan su keyfiyyətsiz olduğu halda bakteriyalar üçün münbit şərait yaradacaq. Bu isə nəticədə zəhərlənməyə gətirib çıxara bilər.
- Bəzən marketlərdə cazibədar ucuz qiymətə toyuq və toyuq məhsullarının satışına rast gəlirik. Sağlam və keyfiyyətli məhsulun ərsəyə gəlməsi üçün sərf olunan vəsaiti nəzərə alsaq belə qiymətə satılan qida şübhələr yaradır. Çox ucuz toyuq məhsulları insan orqanizmi üçün nə qədər təhlükəli ola bilər?
- Bir məqama toxunmaq istərdim, Türkiyə mətbuatında bu günlərdə bir məlumat ilə rastlaşdım. Satışa gedən, amma alıcısını tapmayan məhsulların bir qismi istehsal şirkətinə geri göndərilir. Bu məhsulların artıq istifadə müddəti, istehlaka yararlılıq müddəti tükənmiş olur. Təəssüflə qeyd edim ki, bəzi “işbazlar” həmin rəngi və iyi dəyişmiş toyuq məhsullarını xlorlu suda yuyaraq, o pis qoxunu yox edib, rəngini ağardaraq yenidən satışa çıxarıb. Həmin məhsullar əsasən dönərxana və ya kütləvi qidalanma müəssisələrinə verilir. Bu kimi xəbərlərə qonşu ölkənin mətbuatında tez-tez rast gəlmək olar, bizdə bunun nə dərəcədə olduğunu deyə bilmirəm. Amma belə faktların insanların sağlamlığı üçün təhdid yaratması dəqiqdir.
- Aldığımız məlumata görə bəzi şirkətlər dondurulmuş məhsulların donunu açaraq təzəkəsilmiş məhsul kimi ucuz qiymətlə satışa çıxarırlar. Sərfəli qiymət görən alıcı da ehtiyat toplamaq məqsədilə böyük miqdarda alış-veriş edib məhsulu soyuducuların buzluğunda saxlayırlar. Dönə-dönə dondurulub, donu açılmaq nə qədər zərərlidir?
- Biz bu məsələyə bir çox platformalarda aydınlıq gətirmişik. Söhbət sadəcə toyuqlardan deyil, ümumilikdə ət və ət məhsullarından gedir. Xüsusən evdar xanımlar toyuğu, əti, farşı dondurucudan çıxarırlar, buzunu əridib yenidən təkrar dondurucuya yerləşdirirlər. Bu bütün hallarda yanlışdır. Bəzən bunu bilməyərəkdən, bəzən də bilərəkdən etmiş olurlar. Hər iki halda təkrar edirəm bu yanlışdır. Nə üçün? Çünki məhsul dondurucudan çıxarıldıqda və buz əridikdə mikrobiolojik olaraq mikroblar və bakteriyalar üçün münbit şərait yaranır. Münbit şərait əldə edən mikroblar və bakteriyalar inkişaf edir, məhsul sonradan dondurulsa da yenə ət və toyuq məhsullarının daxilində qalır və artıq çoxalmağa başlayırlar. Hər dəfə məhsulun buzu təkrar açıldıqda onların sayı artır. Bu isə təbii ki, insan sağlamlığı üçün zərərlidir və təhlükəlidir. Daha sonra siz onu istifadə edəndə orqanizminizə bir çox bakteriyanı qəbul etmiş olursunuz. Təbii burada məhsulun bişirilmə tərəfi də var, bu prosesin nə dərəcədə düzgün və ya yanlış həyata keçirilməsinin də böyük önəmi var. Amma hər halda bu qida məhsulundan istifadə edən insan həmin bakteriyalar da qəbul etmiş olur.
- Yeri gəlmişkən, ev soyuducusunda dondurulan məhsul ilə xüsusi avadanlıqa zavodda dondurulan məhsul arasında və dondurulma texnologiyaları arasında nə kimi fərq var? Hansı üsul daha təhlükəsizdir?
- Əgər toyuq və ya digər ət məhsulunu alıb buzluğa atacaqsınızsa, elə bu başdan istehsalatda dondurulmuş məhsul alın. İstehsalatda ani dondurulma ilə məhsul -42 dərəcədə qısa müddətdə dondurulur, tərkibi çox dəyişmir, ən əsası bakteriyaların inkişafı üçün şərait yaranmır. Məişət soyuducularında -18 dərəcədə məhsulun donması uzun zaman tələb edir və bu müddət ərzində toyuğun içərisində salmonella çubuqları kimi mikroblar inkişaf edib zəhərlənməyə səbəb yarada bilirlər. Bu səbədən də evdə dondurulmuş toyuqlar təhlükəli ola bilər.
Evdar xanımlara bir məsləhət vermək istərdim. Əgər məhsulu, məsələn, toyuğu aldığınız gün istifadə edəcəksinizsə, halda onu dondurucuya qoymağın bir mənası yoxdur. Onu soyuducunun ən sərin yerində saxlamaq daha doğrudur. Amma əgər məhsulun istifadəsi bir həftə və ya on gün müddətində nəzərdə tutulubsa hazır dondurulmuş məhsul alıb, onu dondurucuda saxlayın.
- İstehlakçı özünü tam müdafiə etmək və aldığı məhsulun keyfiyyətindən arxayın olmaq üçün məhsul alarkən nəyə diqqət etməlidir?
- Baxın, ilk növbədə çox kiçik, öz müştəri çevrəsi olan və həqiqətən də yaxşı xidmət göstərən müəssisələr var. Amma bu qəbildən olan müəssisələr istisnadır və çox azsaylıdır.
Yaxşı olar ki, marketlərə gedərkən birinci növbədə məhsulun - toyuğun istehsalat və son istifadə tarixinə baxsınlar. Daha sonra məhsulun qablaşdırılmasına diqqət yetirsinlər. Qablaşdırmada hər hansı xəsarətin olmadığını, toyuqların nəm çəkmək üçün xüsusi kağız üzərinə qoyulduğunu, məhsulun qoxusunun və rənginin spesifik olduğunu yoxlamalıdırlar. Sadlanan meyarlardan hər hansı ilə qarşılaşdıqda belə məhsulu almaqdan mütləq şəkildə imtina etməlidirlər. Çünki rəng və iy dəyişmişsə, artıq həmin məhsul bakteriyaların inkişafı üçün münbit mühitə çevrilmişdir.
Bununla yanaşı mütləq şəkildə dövlət tərəfindən sertifikatlaşdırılmış bilinən və tanınan markalardan almaq daha məsləhətlidir. Nəticə etibarilə əgər məhsul sertifikatlaşdırılıbsa demək ki, orada nəzarət var. Digər tərəfdən bilmədiyiniz markanın və ya şirkətin məhsulunu aldığınız halda yaranan problem ilə əlaqədar qarşınıza çıxacaq, bu məsuliyyəti üzərinə götürəcək şirkət olmayacaq. Bu problem isə heç də ikinci dərəcəli problem deyil.
Səbinə Səmidxan