evini-satan-sexsler-ne-qeder-vergi-odemelidir-izah

Evini satan şəxslər nə qədər vergi ödəməlidir? - İZAH

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər.

İnsider.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edib.

İqtisadçı-ekspert İsmayıl Bağırov

Bu maddənin tətbiqinin əsas məqsədi mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması qaydasını müəyyənləşdirməkdir. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alqı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin məzmunundan göründüyü kimi, 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini təqdim edən şəxslər sadələşdirilmiş verginin subyekti hesab olunmur və həmin maddədə təqdim olunan sahə üzərində mülkiyyət hüququnun müddətləri ilə bağlı xüsusi bir qeyd yoxdur. Deməli, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində sadələşdirilmiş vergidən azad edilməsi, həmin yaşayış sahəsinin fiziki şəxsin həm də azı 5 il ərzində mülkiyyətində olması şərt deyildir.

Misal 1: 
Tutaq ki, fiziki şəxsin mülkiyyətində Bakı şəhərində yerləşən 230 kvadratmetr sahəsi olan mənzili var. Fiziki şəxs 2012-cu ildən həmin mənzildə qeydiyyatdadır və 2017-ci ildən həmin mənzilin mülkiyyət hüququna sahib olmuşdur. Fiziki şəxs 2019-ci ildə həmin mənzili təqdim edir, bu halda fiziki şəxs həmin mənzildə 5 ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün mülkiyyətində olma müddəti 3 il olsa da alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır.

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar ödəmə mənbəyində binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini aşağıdakı qaydaya uyğun olaraq ayrılıqda hesablayır:

  • yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi x 15 manat ( baza məbləği) x zona əmsalı
  • qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi x 15 manat (baza məbləği ) x zona əmsalı x 1,5 qeyri-yaşayış sahə əmsal.

Misal 2:
Tutaq ki, fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadratmetr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m² sahəsi olan ticarət obyektini təqdim etmişdir. Alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 m² (binanın ümumi sahəsi) x 15 manat (baza məbləği) x 3 (zona əmsalı) = 4.500 manat (sadələşdirilmiş vergi);
Ticarət obyektinin satışı üzrə: 150 m² x 15 manat (baza məbləği ) x 2,2 (zona əmsalı) x 1.5 (qeyri-yaşayış sahə əmsalı) = 7.425 manat (sadələşdirilmiş vergi).
Cəmi ödənilməli sadələşdirilmiş vergi: 4.500 + 7.425 = 11.925 manat.

Onu da qeyd edək ki bu maddəyə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı aşağıdakı hallarda müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergi tuta bilməzlər.

1. Fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri təqdim edildikdə;
2. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri vergi ödəyicisinin ailə üzvləri tərəfindən hədiyyə, maddi yardım və miras kimi verildikdə;
3. Vergi Məcəlləsinin 102.1.18-ci maddəsinə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna əsasən fiziki şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
4. Vergi Məcəlləsinin 106.1.16.-ci maddəsinə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna əsasən hüquqi şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
5. Vergi Məcəlləsinin 144.1.1-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri ər və arvad arasında verildikdə;
6. Vergi Məcəlləsinin 144.1.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
7. Vergi Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edildikdə.

Misal 3: 
Tutaq ki, fiziki şəxsin 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu X qəsəbəsində yerləşən 300 kvadratmetr sahəsi olan mənzili var. Fiziki şəxs həmin mənzili öz oğluna hədiyyə edir bu halda alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır. Çünki Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri vergidən azaddır.