ey-abs-2013-cu-ilden-beri-ilk-defe-rusiyaya-investisiyalar-uzre-lider-oldu

EY: ABŞ 2013-cü ildən bəri ilk dəfə Rusiyaya investisiyalar üzrə lider oldu

ABŞ 2018-ci ilin yekunları üzrə Rusiyaya investisiya ayıran ölkələrin reytinqində ilk yeri tutub. İnsider.az-ın məlumatına görə, bu barədə Britaniyanın “Ernst&Young” (EY) audit-konsaltinq şirkətinin araşdırmasında deyilib.

2018-ci il ərzində xarici investorlar 211 Rusiyalı layihələrə yatırım edib. ABŞ-dan (33 investlayihə) sonra ikinci yeri Almaniya (24 layihə), üçüncü yeri isə Çin (19 layihə) tutub. Lider beşliyinə həmçinin Fransa və Yaponiya da daxil olub.
Xarici investorlar üçün ən cəlbedici sektor aqro-ərzaq olub.

Ekspertlərin hesablamalarına görə, Rusiyada xarici layihələrin sayı 11% azalıb. Eyni tendensiya Avropa ölkələrində də müşahidə olunur – orada 4% azalma var.

“EY”-ın fikrincə, Avropanın investisiya üçün cəlbedici olan ölkələrin top-20-liyində Rusiya Finlandiya, Çexiya və İtaliyanı geridə qoyaraq, doqquzuncu yeri tutub.

“EY” birbaşa xarici investisiyalarının maliyyə nəticələrində deyil, layihə sayı üzrə qiymətləndirib. Qeyd edək ki, “RBK”-nın yazdığına görə, Rusiya Mərkəzi Bankı bu dəyərləndirmə ilə razı deyil.

Tənzimləyicinin məlumatlarına görə, Rusiya iqtisadiyyatına əcnəbi investisiyalar üzrə Kipr liderlik edir, ardı ilə isə Lüksemburq, Baham adaları, Bermud adaları və İrlandiya gəlir. ABŞ və Çin isə müvafiq olaraq 18 və 22-ci yerləri tutur.

Samirə Məmmədova