Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar bir nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dilllərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:
- Essenin başlığı olmalıdır. Bir A4 səhifəsindən çox olmamalıdır, çap formasında göndərilməlidir.
- Şeirlərin başlığı olmalıdır və 40 misradan çox olmamalıdır. Şeirlər çap formasında göndərilməlidir.
- Mahnı 4 dəqiqədən çox olmamalıdır. Mahnılar melodiyaya, bəstəyə, özünəməxsusluğa və sözlərə (lazım olduqda) əsasən qiymətləndiriləcək. Yazının keyfiyyəti nəzərə alınmır. Mahnının sözləri çap şəklində göndərilməlidir.
- Nitq nominasiyası üzrə 3 dəqiqədən çox olmayan çıxışlar, video və ya audio formatda göndərilməlidir. Çıxışın mətni çap şəklində göndərilməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazırladıqları işlə birgə shushacompetition@gmail.com ünvanına göndərməlidir. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 902-38-56 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.
Müsabiqənin qalibləri növbəti ilin yanvar ayında elan olunaraq diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, xalqımızda hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir.