facebook-un-libra-uzre-partnyorlarinin-bir-qismi-layiheye-hele-investisiya-ayirmayib

“Facebook”-un “Libra” üzrə partnyorlarının bir qismi layihəyə hələ investisiya ayırmayıb

“Facebook”-un 27 partnyorundan ən azı yeddisi sosial şəbəkə ilə tərtibatı gedən “Libra” kriptovalyutasının işə salınması üzrə öhdəlik qoymayan sazişlər imzalayıblar. Onlar rəqəmsal valyutanı həm istifadə etməyə, həm də qabağa çəkməyə bilərlər. Üstəlik layihədən də istənilən vaxt çıxa bilərlər.

İnsider.az-ın məlumatına görə, informasiyanı “The New York Times” bu şirkətlərin anonim qalmaq istəyən rəhbərlərinə istinadla yayıb.

Nəşrin yazdığına görə, partnyorlar sosial şəbəkənin tənzimləyicilərlə probleminə, şirkətin istifadəçi konfidensiallığına dair reputasiyasına və kriptovalyuta statusunun qeyri-müəyyənliyinə görə “Libra” layihəsilə həddən artıq sıx əlaqə yaratmağa ehtiyat edirlər. Bu səbəbdən də, “Libra” barədə vəziyyət aydınlaşanadək gözləməyə üstünlük verirlər.

“Facebook” isə partnyorlarla dialoqa hazır olduğunu, həmçinin yaxın aylarda yeni layihə iştirakçılarını cəlb etməyi planlaşdırdığını deyir.

“NYT”-ın iki mənbəsinin sözlərinə əsasən, “Facebook” “Goldman Sachs”, “JPMorgan”, “Fidelity” və s. kimi iri maliyyə şirkətlərilə layihədə iştirak barədə danışıqlar aparıb, lakin onlar imtina ediblər. “Fidelity” “Libra”-nı izlədiyini desə də, digər şirkətlər şərh verməkdən imtina ediblər.

“Facebook” ümumilikdə layihəyə 100 partnyor cəlb etməyi və “Libra”-nın işə salınmasına 1 milyard dollar yığmağı planlaşdırır. Xatırladaq ki, kriptovalyutanın işə salınması tarixi 2020-ci ilin birinci yarısına təyin olunub.

Samirə Məmmədova