“Rəqəmlər böyük olacaq. Dəqiq söyləmək çətindir. Fərziyyələrlə danışmaq istəməzdim. Amma bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i yeni növ koronavirus pandemiyasının nəticələri ilə əlaqədar 20-30%-ə qədər azala, işsizlik səviyyəsi isə 20-25%-ə çata bilər”.
İnsider.az xəbər verir ki, bunu bazar günü CBS teleşirkətinə müsahibəsində ABŞ-ın mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell deyib.
Onun fikrincə, mövcud vəziyyəti İkinci Böyük Depressiya adlandırmaq olmaz. “Bəzi köklü fərqlər var. Birincisi, iki ay əvvəl çox sağlam iqtisadiyyata sahib idik. Bu, xarici hadisə, mahiyyət etibarilə təbii fəlakət idi. 1920-ci illərdə böhran olanda maliyyə sistemi çökmüşdü. İndi isə maliyyə sistemimiz güclüdür və buna tab gətirməyə qadirdir. Çox kəskin tənəzzül olacaq, amma bu, müddət baxımından 1930-cu illərləkindən çox qısa olmalıdır”, - C.Pauell bildirib.
FED rəhbəri həmçinin zamanla iqtisadiyyatın bərpa olunacağına əminliyini dilə gətirib: “Düşünürəm ki, növbəti bir neçə ay ərzində bərpa prosesinin necə başladığını görəcəksiniz, ən azı şirkətlər yenidən açılır, insanlar işə qayıdırlar. Bu müddətdə virusun ikinci dalğasının qarşısını almaq vacibdir. Buna müvəffəq olsaq, iqtisadiyyat bərpa olunacaq. ÜDM-in artımını da, işsizliyin azalacağını da görəcəyik”.
Xatırladaq ki, ötən həftə ABŞ Əmək Nazirliyi apreldə işsizlik səviyyəsinin rekord səviyyəyə - 14,7%-ə çatdığını açıqlayıb. “The Washington Post” qəzetinin apardığı sorğuya əsasən, bu müddətdə 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisədə işçilərin ixtisarı, təxminən, iki dəfə çox olub. ABŞ-ın ÜDM-i 2020-ci ilin I rübündə pandemiya ətrafında yaranan vəziyyətə görə son 6 ildə ilk dəfə illik müqayisədə 4,8% azalıb.
Report