felsefe-ve-elmler-doktoru-olmaq-isteyenlerin-nezerine

Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA prezidentinin 02 iyul 2021-ci il tarixli 199 nömrəli sərəncamına  əsasən 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 05 iyul-20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dil imtahanında keçid balını toplayan şəxslər Fəlsəfə fənnindən imtahana buraxılırlar.

Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə (elmi müəssisələrin ünvanını AMEA-nın www.science.gov.az saytından əldə etmək olar) təqdim olunmalıdır:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər  varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə təqdim olunmalıdır:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi və dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektoruna müraciət etmək olar.

Tel.: (+994 12) 539 20 68, (+994 12) 539 30 60

E-mail: tsh@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.