ferdi-sexsler-ucun-13-cu-qrant-musabiqesine-start-verildi

FƏRDİ ŞƏXSLƏR ÜÇÜN 13-CÜ QRANT MÜSABİQƏSİNƏ START VERİLDİ

Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu bu gündən etibarən 18-29 yaşlı gəncləri 13-cü qrant müsabiqəsində iştirak etmək üçün “C” kateqoriyası üzrə layihə təkliflərini   təqdim etməyə dəvət edir. Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihə təkliflərinin icra müddəti isə 2 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:
Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ  “C” kateqoriyası üzrə  5.000 (beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

  • Müsabiqədə yalnız 1990-ci il iyul 24-dən 2001-ci il avqustun 23-dək doğum tarixli gənclər iştirak edə bilərlər;
  • Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir;
  • Layihə təklifləri reallığı əks etdirməli və icrası gənclər tərəfindən mümkün olmalıdır;
  • “C” kateqoriyası üzrə icrası başa çatmış, lakin 2019-cu il avqust ayının 8-dək, təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq;
  • Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim etdikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər;
  • Gənclər təqdim edəcəkləri layihə təklifini müvafiq qaydada əsaslandırmalıdır (layihənin hədəf və məqsədi, məqsədə nail olmaq üçün görülməli işlər və gözlənilən nəticələr).

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

  • Layihələr seçilərkən gənclərin ixtisası və fəaliyyət istiqamətlərinə, layihənin video izahı və PowerPoint təqdimatları əlavə edilmiş layihələrə üstünlük veriləcək.
  • Fond tərəfindən layihə qiymətləndirilməsi aparılan zaman gənclərin fəaliyyət istiqaməti sahəsində diplom və sertifikatı olanlara üstünlük veriləcək.

Müsabiqənin müddəti (C kateqoriyası üzrə):

  • Layihə təklifləri 24 iyul 2019-cu il tarixdən başlayaraq təqdim edilə bilər.
  • Layihə təklifləri üçün son tarix 23 avqust 2019-cu il, saat 18:00.

Layihə təklifləri “Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və gənclərin qeydiyyata alınmasına dair Təlimat”a uyğun hazırlanmalı, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçilməli və saytda göstərilən həmin formaya uyğun olaraq, elektron qaydada təqdim edilməlidir.

Fond, ölkə üzrə müxtəlif rayon və şəhərlərdə qeydiyyatda olan gəncləri layihə təklifləri ilə 13-cü qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

13-cü qrant müsabiqəsinin “C” kateqoriyası üzrə müəyyənləşdirilmiş, prioritet istiqamətləri ilə bağlı məlumatı Fondun saytındakı hiper keçidlərdən əldə etmək mümkündür.