fitch-cenub-qaz-dehlizi-qsc-nin-avrobondlarinin-reytinqini-tesdiqleyib

“Fitch” "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının reytinqini təsdiqləyib

"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiq edib.

İnsider.az xəbər verir ki, "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqi "BB+" səviyyəsində təsdiq olunub.

Reytinq üzrə proqnoz stabildir.

Reytinqi təsdiq olunan avrobondlar “Cənub Qaz Dəhlizi” QSC-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-ci ildə başa çatacaq 2 mlrd. ABŞ dolları məbləğindəki avrobondlardır. Bu, agentliyin əvvəlki qiymətləndirməsi ilə eynidir.

Xatırladaq ki, 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, 2017-ci ilin mart ayında 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb və həmin istiqrazlar 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib. 

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.