fitch-opec-cercivesinde-hasilat-kesirlerinin-azalmasi-nefte-artan-telebati-eks-etdirir

"Fitch": "OPEC+" çərçivəsində hasilat kəsirlərinin azalması neftə artan tələbatı əks etdirir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi hesab edir ki, "OPEC+" ölkələrinin avqust ayından etibarən planlaşdırılan neft hasilatının kəsirlərinin azaldılması bazarın tədricən tarazlaşmasına və neftin qiymətinin volatilliyini azaltmağa kömək edəcək. 

İnsider.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

Qeyd olunub ki, bu qərar artıq neft bazarında tələbin artaraq bərpa olunmasını əks etdirir. "Fitch"in mütəxəssislərinin fikrincə, "OPEC+" ölkələri 2020-ci ilin aprel ayında qəbul edilmiş razılaşmaya növbəti iki il ərzində dövri düzəlişlər etməklə həddən artıq və ya tələb olunandan daha az hasilat həcmlərindən qaça biləcək.

Qeyd edək ki, COVID-19 pandemiyası və neft bazarını volatilliyi fonunda, agentlik 1 mart – 10 iyul aralığında 54 neft şirkətinin reytinqlərini ən azı bir səviyyə endirib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

APA