Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini "B"dən "B+"a, reytinq proqnozunu isə "stabil"dən "müsbət"ə yüksəldib.
Reytinqin yüksəldilməsi 2023-cü ilin iyun ayından həyata keçirilən siyasətlərin, o cümlədən pul siyasətinin sərtləşdirilməsinin, makroiqtisadi və xarici zəifliklərin azaldılmasının effektivliyini əks etdirir.
Qeyd edilib ki, "müsbət" proqnoz Fitch-in, Türkiyənin ümumi makroiqtisadi siyasət mövqeyinin inflyasiyadakı əhəmiyyətli azalma ilə uyğunlaşacağına, cari əməliyyatlar kəsirinin aşağı düşəcəyinə və daha güclü likvidlik buferləri baxımından xarici zəifliklərin azalmağa davam edəcəyinə dair gözləntilərini əks etdirir.
Fitch-in məlumatında, inflyasiyanın və xarici likvidlik risklərinin azaldığı bildirilib. 2024-cü ildə inflyasiyanın orta hesabla 58 faiz, ilin sonunda isə 40 faiz olacağı təxmin edilir.
2024-cü ilin birinci rübündən sonra daxili tələb və özəl istehlaka daha güclü təsir yaradan sərt siyasətin nisbətən zəif xarici tələblə birlikdə bu il iqtisadi artımın 2,8 faizə qədər yavaşlamasına səbəb olacağı ifadə edilib. 2025-ci il üçün proqnoz isə 3,1 faizdir.
Fitch bələdiyyə seçkilərininin nəticələrinin siyasət dəyişikliyinə səbəb olmayacağını proqnozlaşdırıb.
Fitch sonuncu dəfə 2023-cü il sentyabrın 8-də Türkiyənin reytinq proqnozunu "mənfi"dən "stabil"ə dəyişib. Fitch-in təqviminə görə, Türkiyə ilə bağlı növbəti qiymətləndirmə sentyabrın 6-na planlaşdırılır.
Marja