for-azerbaijan-beynelxalq-xeyriyye-teskilatinin-elan-etdiyi-qrant-musabiqesinin-neticeleri-elan-olu

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsinin nəticələri elan olunub

Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan” Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş Qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimi təşkil edilib.

Qonaqları salamlayan təşkilatın proqramlar üzrə direktoru Elnur Kələntərov “For Azerbaijan” komandası adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.

“For Azerbaijan” Xeyriyyə Təşkilatının Bakı Nümayəndəliyinin rəhbəri Emil Həsənov əvvəlcə qurumun fəaliyyəti və bugünədək həyata keçirilmiş layihələr barədə məlumat verib. İştirakçılara 3 illik fəaliyyətin əsas məqamlarını əks etdirən qısa film nümayiş olunub.

“For Azerbaijan” Xeyriyyə Təşkilatının qurucularından və Məşvərət Şurasının üzvü Mövlan Paşayev qrant müsabiqəsinin məqsədi haqqında qonaqları məlumatlandırıb. Bildirib ki, müsabiqəyə 83 layihə təqdim olunub. Layihələr paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edib. Müxtəlif benefisiar qruplara xidmət edən Məşğulluq/ Biznes/ Karyera sahələri üzrə 24 layihə, şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək üzrə 16 layihə, təhsilə, o cümlədən qızların təhsilinə yönəlik 21 layihə daxil olub. Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularında qeydə alınıb. 

Mövlan Paşayev bildirib ki, qalib layihənin seçilməsi üçün təşkilat tərəfindən müstəqil “Qiymətləndirmə komissiyası” yaradılıb. Komissiya təqdim edilən layihələri 8 qiymətləndirmə meyarı (“sənədlərin tamlığı”, “təşkilatın təcrübəsi”, “gələcəyə yönəlik”, “icra və davamlılıq”, “büdcə əsaslandırılması”, “risklər”, “benefisiarlar” və “tərəfdaşlar”) üzrə araşdırılıb.

Çıxışının sonunda cənab Paşayev Şimali Dakota Dövlət Universitetinin Maliyyə professoru Fariz Huseynov, Amerikanın Oracle-şirkətində Texniki Heyətin Baş Üzvü  Heydər Abdullayev və Solidshape şirkətinin baş direktoru Tural Bədirxanlıdan ibarət komissiyanın qərarını səsləndirib. “Gender Hub” İctimai Birliyinin “Qızlar Süni İntellekt Naminə: Gələcəyin İnnovatorları üçün Proqramlar və Təlim İmkanları” layihəsi qalib elan olunub.

Layihənin icra müddəti 8 ay, ümumi büdcəsi isə 26 000 AZN-dir. Bakı daxil olmaqla Gəncə, Lənkəran, Aqstafa şəhərlərini əhatə edəcək layihə iyun-noyabr aylarını əhatə edəcək.

Layihənin məqsədi bir çox fərqli sahədə təcrübəyə malik olan ekspertlər və təşkilatlarla əməkdaşlıq çərçivəsində 14-18 yaşlı qızlara texniki sahələrdə, o cümlədən proqramlaşdırma və mühəndislikdə təhsil yolları və innovativ layihələr təklif etməyin əsaslarını aşılayır. Layihə çərçivəsində təlimlər, mentorluq proqramları və innovativ layihələrin təşkil olunmasında yarışların keçirilməsi də nəzərdə tutulur.  

Daha sonra Təşkikatın Məşvərət Şurasının üzvü Rüfət Abbasov çıxış edib. Cənab Abbasov Qiymətləndirmə Komissiyası tərəfindən  “VarYox İncəsənət və Mədəniyyət Platforması”nın “Qızlar oxusun” layihəsinin maarifləndirmə və məlumatlandırma ilə bağlı komponentinin də yüksək qiymətləndirildiyini bildirib. Bu səbəbdən, ictimaiyyətdə qızların təhsili ilə bağlı sosial video çarxların çəkilməsi və yayımlanması üçün onlarla dəyəri 5 000 AZN məbləğində xüsusi müqavilə imzalanacağını vurğulayıb.

Tədbirdə çıxış edən müsabiqənin qalibləri “For Azerbaijan”a təşəkkürlərini ifadə edərək layihə çərçivəsində görüləcək işlər və əldə olunacaq nəticələrin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirin sonunda “For Azerbaijan” Xeyriyyə təşkilatının üzvləri qonaqları maraqlandıran sualları cavablandırıblar. Təqdimat mərasimi uşaqların musiqili çıxışları ilə başa çatıb.