Nyu-York birjasında ticarət sessiyasının yekununda əsas indekslərin 1987-ci ilin oktyabrından bəri ən böyük çöküşü səbəbi ilə dünyanın ən varlı 20 adamı sutka ərzində, təxminən, 78 milyard ABŞ dolları itirib.
İnsider.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
“Forbes”un ekspertlərinin hesablamalarına görə, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos ən çox zərər çəkən şəxs olub. O, şirkətinin səhmlərinin 8% dəyər itirməsindən sonra, təxminən, 8 milyard ABŞ dolları itirib. Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arnonun var-dövləti sutka ərzində 7,7 milyard ABŞ dolları azalıb.
Siyahıda həmçinin “Facebook”un rəhbəri Mark Zukerberq (5,7 milyard ABŞ dolları itirib) və milyarder Larri Ellison (5,6 milyard ABŞ dolları itirib) də var.
Qeyd edək ki, cümə axşamı yeni növ koronavirusun yayılması narahatlığı ilə əlaqədar Nyu-York fond birjasında ticarət sessiyasından sonra əsas indekslər 9%-dən çox aşağı düşüb.
Birjanın saytının məlumatlarına görə, “Dow Jones” sənaye indeksi 2 352,60 bənd (-9.99%) azalaraq 21 200,62 bənd səviyyəsində dayanıb. ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 260,74 bənd itirib (-9,51%) və 2 480,64 bənd səviyyəsində qalıb. “Nasdaq” elektron birja indeksi isə 750,25 bənd (-9,43%) azalaraq 7 201,80 bəndədək enib.