forbes-nesri-azerbaycanda-istehsal-olunan-zerbe-dronlarindan-yazdi

“Forbes” nəşri Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından yazdı

ABŞ-da dərc olunan “Forbes” jurnalında Azərbaycanla Ermənistan arasındakı müharibədən, 2016-cı ilin Aprel döyüşlərində istifadə olunan silahlardan, pilotsuz kəşfiyyat və zərbə aparatlarından bəhs edən məqalə dərc olunub.

İnsider.az xəbər verir ki, yazının müəllifi Devid Hamblinqdir.

Müəllif yazır ki, Sovet İttifaqı süqut edəndən sonra Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında münaqişə alovlanıb.

Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin bir hissəsini işğal edib.

Ermənilər Dağlıq Qarabağda “müstəqil dövlət” elan etsələr də, beynəlxalq səviyyədə və de-yure bu torpaqlar Azərbaycan ərazisi kimi tanınır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəsin imzalanmasına baxmayaraq, tərəflər arasında silahlı toqquşmalar davam edir.

D.Hamblinqdir qeyd edir ki, 2016-cı ildə müharibə aktiv silahlı toqquşmalara keçib və Azərbaycan ordusu döyüşlərdə İsraildən alınan “Harop” pilotsuz zərbə aparatından istifadə edib.

“Harop” kamikadze aparatı ermənilərin artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və hərbçiləri cəbhəyə gətirən avtobusu sıradan çıxarıb.

Azərbaycan “Harop” pilotsuz döyüş aparatını İsrailin “İsrael Aerospace İndustries” (İAİ) şirkətindən alıb.

Bir il sonra “Aeronautics” şirkətinin mütəxəssisləri “Orbiter 1K” pilotsuz zərbə aparatlarının satışına dair müqaviləni imzalamaq üçün Azərbaycana gəliblər. 2019-cu ildə şirkət Azərbaycanla 13 milyon dollarlıq dron satışına dair sövdələşmə bağlayıb.

Məqalənin müəllifi iddia edir ki, 2019-cu ildə Azərbaycan İsraildən “SkyStriker” dronlarını da alıb. Eyni zamanda, Azərbaycanın özü dron istehsalına başlayıb.

“Zərbə” adlı bu dronlar texniki xüsusiyyətlərinə görə digər ölkələr tərəfindən hazırlanan oxşar cihazlardan geri qalmır.

Oxu.Az